2025-ci ilin sonunda İndoneziyanın Sulavesi adasında planetin ən uzun ilanı tapılıb. Torlu pitonun (Malayopython reticulatus) dişi fərdinə İbu Baron (Baronessa) adı verilib və artıq 4 fevral 2026-cı ildə Ginnesin Rekordlar Kitabına daxil edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, rəsmi məlumatlara görə, onun başından quyruğunun ucunadək uzunluğu 7,22 metr təşkil edir. Tədqiqatçılar həmçinin ehtimal edirlər ki, reptiliya narkoz altında olsaydı, bədəni 7,9 metrə qədər uzana bilərdi. Lakin heyvanın sağlamlığı naminə bu cür eksperimentdən imtina edilib.
Rekordçu ilanın çəkisinin 96,5 kiloqram olduğu da məlumdur. Hazırda Baronessa təbiət müdafiəçisi Budi Purvantonun himayəsindədir və onun yaratdığı ilan sığınacağında saxlanılır.
Torlu piton Asiyada yaşayan, pitonlar fəsiləsinə aid zəhərsiz ilan növüdür. “Torlu” adını bədənindəki mürəkkəb naxışlara görə alıb. Bu piton dünya faunasında ən uzun ilan hesab olunur. Etibarlı mənbələrə görə, indiyədək əsirlikdə saxlanılan ən iri torlu piton Borneo adasında tutulmuş, uzunluğu təxminən 7,5 metr olan Samanta adlı dişi fərd olub. O, 2002-ci ildə Nyu-Yorkdakı Bronks zooparkında tələf olub.


