Niyə məqsədlərinizi reallaşana qədər  hamıdan gizlətməlisiniz?
09 fevral 2026 12:56 (UTC +04:00)

Niyə məqsədlərinizi reallaşana qədər hamıdan gizlətməlisiniz?

0

Mütəxəssislər xəbərdarlıq edirlər ki, şəxsi planları hamı ilə bölüşmək və ya həyatın xırdalıqlarını sosial şəbəkələrdə açıq şəkildə paylaşmaq ciddi psixoloji zərər verə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, planları özündə saxlamaq onların reallaşma ehtimalını əhəmiyyətli dərəcədə artıra bilər.

Sükut niyə məqsədlərə çatmağa kömək edir?

Bu yanaşma TikTok-da yayılan “Move in Silence” (səssiz hərəkət et) trendinin də əsasını təşkil edir. Trendin ideyası sadədir. Əgər bir planı gerçəkləşdirmək istəyirsinizsə, onu nəticə əldə olunana qədər hamıya danışmayın.

Bu fikir elmi tədqiqatlarla da təsdiqlənib. New York University tərəfindən aparılan araşdırma göstərib ki, məqsədlərini başqaları ilə bölüşməyən iştirakçılar tapşırıqlar üzərində orta hesabla 45 dəqiqə işləyiblər. Planlarını əvvəlcədən açıqlayanlar isə təxminən 33 dəqiqə vaxt sərf ediblər. Maraqlıdır ki, ikinci qrup özünü məqsədə daha yaxın hiss etsə də, faktiki olaraq təxminən 25 faiz az iş görüb.

Araşdırmaya rəhbərlik edən psixoloq Peter Qollvitser bildirir ki, planların ictimai şəkildə elan edilməsi beyində işi artıq tamamlanmış kimi qavrama illüziyası yaradır. Onun sözlərinə görə, insanın özünü necə gördüyünü formalaşdıran “kimlik simvolları” həm real fəaliyyət zamanı, həm də həmin fəaliyyət haqqında danışarkən aktivləşir. Bu isə hələ görülməmiş işdən psixoloji məmnunluq hissi yaradaraq motivasiyanı azalda bilər.

Tənqid riski və tərif tələsi

Mütəxəssislər daha bir riskə diqqət çəkirlər: planları tez açıqlamaq insanı erkən mərhələdə tənqid və skeptisizmlə üz-üzə qoya bilər. University of Chicago da aparılan araşdırmalar göstərib ki, tərif hər zaman motivasiyanı artırmır.

Araşdırmaya görə, tərif insan tərəfindən bu yoldayam kimi qəbul edilərsə, irəliləyiş həvəsini gücləndirir. Amma artıq kifayət qədər nail olmuşam kimi qavranılarsa, rahatlama yaradır və səyləri azaldır.

Alimlər bunu sadə nümunə ilə izah edirlər: tələbə yüksək qiyməti özünün fənnə marağının göstəricisi kimi görərsə, daha çox çalışacaq. Əgər bunu artıq uğur siqnalı kimi qəbul edərsə, növbəti mərhələdə daha az səy göstərə bilər.

Bir çox insana tanış vəziyyətdir: böyük planlardan səyahət, yeni dil öyrənmək, idmana başlamaqdan həvəslə danışılır, lakin bir neçə həftə sonra maraq səbəbsiz şəkildə azalır. Məlum olur ki, tərif və razılıqdan yaranan qısa dopamin artımı real irəliləyişi əvəz edə və prosesi ləngidə bilər.

Kimlə paylaşmaq olar

Bu isə tam susmaq demək deyil. Tədqiqatlar göstərir ki, məqsədləri bir-iki etibarlı və dəstək verən insanla bölüşmək faydalı ola bilər. Əsas məsələ planları real nəticələr ortaya çıxana qədər geniş auditoriyaya çevirməməkdir.

Psixoloq Elliot Berkman vurğulayır ki, insanın geribildirişə emosional reaksiyası onun sonrakı davranışına birbaşa təsir edir. Sadə desək, dəstək ruhlandıra, mənfi münasibət isə motivasiyanı sarsıda bilər.

Mütəxəssislər tövsiyə edirlər ki, istər gündəlik, istər illik, istərsə də uzunmüddətli planlar qurarkən, onları kimə və nə məqsədlə danışdığınızı düşünəsiniz. Bəzən bir az sükut bu gün üçün səssiz addım, sabah üçün isə böyük nəticə ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar