MİDA-da kirayə qaldığı evi satan qadına HÖKM OXUNDU
09 fevral 2026 13:08 (UTC +04:00)

MİDA-da kirayə qaldığı evi satan qadına HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunan Maya Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Maya Mustafayevanın 7  il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Maya Mustafayevanın 8 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.

Xatırladaq ki, ittihama görə Maya Mustafayeva 2023-cü ilin sentyabrında Bakı sakini Şəmşad Mikayılovu “ev satışı” adı ilə aldadıb və 17 min 500 manat pulunu alaraq onu Yasamal rayonu, MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) 2 yaşayış kompleksi, bina 13, mənzil 43 ünvanına yerləşdirib.

Daha sonra M. Mustafayeva onu iş yoldaşı Qələndərli Həzrət ilə tanış edib. Həzrət Maya vasitəsilə özü və qohumlarının münasib qiymətə ev aldığını deyib və Şəmşad Mikayılovu da bu sazişə inandırıb. Onlar birlikdə MİDA binalarından birindəki mənzilə baxıblar. Maya bildirib ki, evə 17 min manat ilkin ödəniş edib və həmin məbləği Şəmşaddan aldıqdan sonra sənədləri onun adına keçirəcəyini vəd edib. Əvvəlcə 4 min manat kart hesabına göndərilib. Daha sonra Maya qalan pulu tələb edib və əgər verilməzsə, həmin məbləğin də batacağını deyib. Bu təzyiqlər fonunda Şəmşad Mikayılov Sabunçuda olan evini 12 min manata satıb və Maya ilə notariusda görüşərək pulu ona təqdim edib. Amma vəd olunan kimi evin sənədləri təqdim olunmayıb. Bütün bu müddət ərzində Maya Mikayılovu aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub. Üstəlik, Maya ondan əlavə 1500 manat da tələb edib və bu pulu da aldıqdan sonra onu mənzilə köçürüb.

Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb. Bu barədə notarial qaydada müqavilə də mövcuddur. Şəmşad Mikayılov Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra Maya Mustafayeva tutulub. O, iltizamla öhdəlik götürüb ki, 10 günə pulu qaytaracaq. Amma bu vəd də yerinə yetirilməyib. Maya Mustafayeva telefon nömrəsini dəyişib və onunla əlaqə saxlamaq mümkün olmayıb.

DİN əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Maya Mustafayevanın gizləndiyi ünvan müəyyən olunub və o, tutularaq istintaqa təhvil verilib. Maya Mustafayevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 – külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar