"Məni otağa kilidləyib, qızılla dolu çantamı oğurladı" - Hicablı qadının ŞOK CİNAYƏTİ
09 fevral 2026 17:51 (UTC +04:00)

"Məni otağa kilidləyib, qızılla dolu çantamı oğurladı" - Hicablı qadının ŞOK CİNAYƏTİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə paytaxtda silsilə oğurluqlar etməkdə təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən Ə. X təqsirləndirilən şəxslərdən Ayseli tanıdığını bildirib: "Bu xanım (təqsirləndirilən Aysel Zeynalovaya işarə edir) bir gün hicablı formada (ancaq gözləri görünürdü, barmaqlarının 10-u da "skoç"lanmış vəziyyətdə) gəldi işlədiyim yerə. Barmaqlarının niyə bu vəziyyətdə olduğunu soruşanda yaralandığını dedi. Özünü Gülü kimi təqdim edərək, mənə dedi ki, ərəb qızlar gələcək, onlara qızılları çatdırmaq lazımdır, sabah Buzovnadakı villasına gedib orada çatdırılma edim. Mən də razılaşdım. Malları - qızıları götürdüm, oğlumla birlikdə Buzovnada onun mənə dediyi ünvana getdim. Oğlum məni maşında gözləyəcəyini bildirdi, içəri keçdim.

Bu xanım özü məni qarşıladı. Çay süfrəsi açmışdı, israrla məcbur edirdi ki, süfrədəki tortla çay içim, lakin istəmədiyimi dedim. Hardasa saat yarım keçdi, Gülüdən soruşdum ki, bəs hanı ərəb xanımlar? Dedi ki, yoldaşı gedib gətirəcək. Həyəcandan, keçirdiyim gərginlikdən ayaqyoluna getmək istədim. İçəri keçən kimi qapının qəfildən arxadan kilidləndiyini eşitdim. Çox təlaşlandım, hara gəlib düşdüyümü, aldadıldığımı hiss elədim. Çıxmaq üçün qapını vurub itələməyə, əlimə keçənlə açar yerinə çırpmağa başladım, açılmadı. Ayaqyolunun kiçik pəncərəsindən baxanda bu qadının əlində qızıllar olan çantamla hasardan tullanıb o tərəfə qaçdığını gördüm. Təzədən qapını çırpıb qışqırmağa başladım. İçəridə olan kiçik şkafı zərblə pəncərəyə çırpsam da, ikiqat və qalın şüşə olduğundan qırılmadı.

Tualetin şüşəli qapısını sındırdım. Baxıb gördüm ki, qapının qırağında topa açarlar asılıb. Şüşə qollarımı qanada-qanada, cıza-cıza qolumu güclə salıb açarları götürdüm. Az qala bütün açarlarla cəhd edəndən sonuncu ilə qapını açıb özümü oğluma çatdırdım. Dedim tez ol, polisə zəng elə. Oğlum sonradan dedi ki, ana, içəridən elə səs gəlirdi ki, elə bildim səni baltalayırlar. Sonradan öyrəndiyimə görə o tort niyəsə heç ekspertizaya getməyib. Mənə çox sonradan məlum oldu ki, bu qadın mənim pul kisəmi, iki telefonum və pasportumu torpağa basdırıbmış. Anadır, mən uşaqlarına görə onun ağır cəza almasını istəmirəm. Mənim mallarımı qaytarsın ki, mən ərizəmi geri götürüm".

Şahid Ə.O bir gün qabaqcadan Aysel Zeynalovanın niqabda anası ilə işlədiyi vitrinə yaxınlaşdığını deyib: "Aysel üç-dörd "polka"da yubanandan sonra yaxınlaşdı bizə. Dedi ki, malları onun Buzovnadakı evinə gətirək. Səhər anamla birlikdə ünvan getdik. Nə olmaz deyə, qızılların yarısını vermədim, maşında saxladım. Anam içəri keçdi, 15-20 dəqiqə sonra yazıb vəziyyəti soruşdum. Anam yazdı ki, xanım çay təklif edib, oturub televizora baxır. Çox keçmədən içəridən bərk tappıltı, çırpma səslərinin  gəldiyini eşidib tez özümü maşından çölə atdım. Anamın başına bir iş gəldiyini düşünüb qorxmağa başladım. Yerdən tapdığım daşlarla həyətə, pəncərələrə  tullamağa başladım. Anamın gəldiyini görəndə özümə gəlməyə başladım.Tez polisə zəng elədim, sonra təcili tibbi yardım gəldi. Anamın kəsilmiş qollarını sarıdılar. Anamın telefonu mənimkinə qoşulu olduğundan polislə birlikdə olduğu yeri müəyyən edib çantanın basdırıldığı yeri tapdıq. Bölmədə olduq, gecə saat 3-4-ə kimi ifadə verdik".

Şahid Ə. H 2024-cü ilin avqustunda Şahbaz adlı adamdan qızılları aldığını bildirib: "O dedi ki, qonşum mənə bu qızılları - qolbaq, boyunbağı və klonu veriblər ki, satım. Qızıllara  20670 manat verdim. Bir də gördüm  bu başıalovlu gəldi ki, sənə satdığım qızıllar oğurluq imiş. Bizi istintaqa çağıranda qızılların məndə olduğunu müstəntiqə dedim. Mən müstəntiqə sual verdim ki, bu qızıllar həqiqətən oğurluqdur? O mənə dedi ki, bu hələ bəlli deyil.  Bu sözdən sonra qardaşımın meyiti Rusiyada qalmışdı, onu gətirmək üçün pula ehtiyacım vardı deyə qızılları satdım".

Növbəti proses 16 fevral saat 15:00-a təyin olunub.

Xatırladaq ki, 27 yanvar 2025-ci il tarixində Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl -zinət əşyaları, 1 000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.Faktla bağlı hər iki təqsirləndirilən şəxs  Cinayət Məcəlləsinin 177.3.2 ( Oğurluq - küllü miqdarda ziyan vurmaqla törədildikdə) 145.1( Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 180.2.2 ( Soyğunçuluq- təkrar törədildikdə) 180.2.5 (Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 684

Oxşar yazılar