Məktəbli olan ailələrdə səhər saatları çox vaxt yarış startını xatırladır: səs-küy, tələskənlik və vaxtın çatmadığı hissi. Demək olar ki, hər valideyn ən azı bir dəfə uşağı öz-özünə hazır edən “sehrli düymə”nin olmasını arzulayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, səhər xaosu qaçılmaz deyil, əksinə, məsuliyyətin düzgün bölüşdürülməməsinin nəticəsidir. Bu vəziyyəti dəyişmək düşündüyünüzdən daha asandır.
Valideynlərin ən böyük səhvi hər şeyi uşağın yerinə etməyə çalışmaqdır. Nəticədə böyüklər əsəbiləşir, uşaq isə məsuliyyəti başqasının üzərinə qoymağa öyrəşir.
Mütəxəssislər hazırlığa hələ axşamdan başlamağı tövsiyə edirlər. Bu, səhər gərginliyini azaldır və vaxta qənaət etməyə kömək edir. Paltar, dəftərlər və digər lazım olan əşyalar əvvəlcədən hazır olanda uşaq evdə ora-bura qaçmır, valideyn də daim nəzarət edən şəxsə çevrilmir.
Psixoloqlar vurğulayır ki, uşaqlar sakit tona daha yaxşı reaksiya verirlər. Qışqırmaq isə yalnız müqaviməti artırır və prosesi daha da ləngidir. Əgər uşaq nəyi hansı ardıcıllıqla etməli olduğunu bilirsə, daha sürətli hərəkət edir. Gündəlik vərdişlər (rituallar) emosional gərginliyi azaldır. Bəzi ailələr taymerdən istifadə edir. Bu, hazırlığı oyuna çevirir və stressi azaldır.
Uşağın sadə işləri özü etməsi vacibdir. Bu, onun müstəqilliyini və özünə inamını artırır. Valideynlər “tez ol!” kimi ifadələrdən uzaq durmalıdır. Bu sözlər sürəti artırmır, əksinə, diqqəti yayındırır. Daha yaxşısı konkret tapşırıq verməkdir. Məsələn: “Bu mahnı bitənə qədər geyin".
Psixoloqlar qeyd edir ki, uşaqlar hörmət hiss etdikdə daha yaxşı sözə baxırlar. Səhər isə bunu göstərmək üçün ideal vaxtdır. Əgər uşaq çətin oyanırsa, yumşaq işıq və ya sevdiyi musiqini açmaq faydalı ola bilər.
Bu, stresssiz oyanmağa kömək edir. Səhər yeməyini də əvvəlcədən planlaşdırmaq yaxşıdır. Sadə yeməklər həm vaxt, həm də enerji qənaəti edir. Səhər sakit keçəndə, gün də daha yaxşı başlayır. Uşaq məktəbə tələsdirilmədən və gərginlik olmadan yollanır.