Müasir dövrdə ailə münasibətləri həm sosial, həm də psixoloji baxımdan yeni çağırışlarla üz-üzədir. Gənc ailələrin qurulması və davamlılığının təmin edilməsi yalnız fərdi məsələ deyil, eyni zamanda dövlət və cəmiyyət üçün mühüm prioritet hesab olunur. Bu baxımdan həm dövlət səviyyəsində həyata keçirilən dəstək proqramları, həm də ailədaxili münasibətlərin sağlam qurulması xüsusi əhəmiyyət daşıyır.
Bəs görəsən, gənc ailələrin dəstəklənməsi üçün dövlət səviyyəsində hansı proqramlar həyata keçirilir?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Lent.az-a açıqlamasında bildirib ki, ailə institutunun qorunması ilə bağlı qəbul edilən qanunvericilik bazası kifayət qədər geniş və əhatəlidir:

“Biz hüquqi mexanizmləri gücləndirmişik, erkən nikahların qarşısının alınması, məişət zorakılığı ilə mübarizə, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılıb və atılmaqdadır.
Ailə münasibətləri mənəvi dəyərlər, qarşılıqlı sayğı və məsuliyyət üzərində qurulmalıdır. Günümüzdə əsas məsələ maarifləndirmə işini gücləndirməkdir.
Gənc ailələrin dəstəklənməsi istiqamətində dövlətimizin həyata keçirtdiyi siyasət ardıcıl və məqsədyönlü xarakter daşıyır. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial proqramlar gənclərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların iqtisadi dayanıqlığının gücləndirilməsinə xidmət edir. Xüsusilə ipoteka proqramları, məşğulluq imkanlarının genişləndirilməsi və sosial müavinət mexanizmləri gənc ailələrin formalaşmasına ciddi dəstək verir.
Gənc ailələrə psixoloji və sosial dəstək olduqca önəmlidir. Bu baxımdan ailə məsləhət xidmətlərinin genişləndirilməsi, gənclərin ailə həyatına hazırlanması ilə bağlı maarifləndirici layihələrin artırılması vacibdir.
Biz güclü ailə modeli qurmalıyıq. Bunun üçün məsələyə kompleks yanaşmalıyıq. Dövlət öz üzərinə düşən sosial və hüquqi öhdəlikləri yerinə yetirir. Bununla bərabər cəmiyyət də ailə dəyərlərini qorumalı, məsuliyyətli və sağlam münasibətlərin formalaşmasına töhfə verməlidir. Güclü ailə güclü cəmiyyət deməkdir”.
Bəs görəsən, ailədə emosional məsafə necə yaranır və onu necə aradan qaldırmaq olar?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Lent.az-a açıqlamasında bildirib ki, ailədaxili münasibətlərdə emosional məsafə çox zaman birdən-birə yaranmır:

“Emosional məsafə çox zaman birdən-birə yaranmır, tədricən formalaşan və uzun müddət görünməz qalan bir prosesin nəticəsi olur. Bu məsafənin yaranmasının əsas səbəblərindən biri ünsiyyətin keyfiyyətinin aşağı düşməsidir. İnsanlar eyni evdə yaşasalar da, bir-birini eşitməmək, duyğuları paylaşmamaq və qarşı tərəfin daxili dünyasına maraq göstərməmək münasibətdə soyuma yaradır. Xüsusilə gündəlik həyatın yorğunluğu, iş stressi, sosial öhdəliklər və texnologiyanın həddindən artıq istifadəsi insanların bir-birinə ayırdığı emosional zamanı azaldır. Digər mühüm faktor isə həll olunmamış konfliktlərdir. Açıq şəkildə danışılmayan narazılıqlar zamanla yığılır və emosional uzaqlaşmaya səbəb olur. Bu zaman tərəflər artıq bir-birinə qarşı müdafiə mövqeyinə keçir və yaxınlıq yerini ehtiyatlı davranışlara verir. Emosional məsafəni aradan qaldırmaq üçün ilk növbədə şüurlu və keyfiyyətli ünsiyyət bərpa olunmalıdır. Bu, sadəcə danışmaq deyil, qarşı tərəfi dinləmək, onu anlamağa çalışmaq və empati qurmaq deməkdir. İnsan öz hisslərini açıq və ittihamsız şəkildə ifadə etməyi bacarmalıdır. Məsələn, “sən həmişə belə edirsən” kimi ittiham edən yanaşma əvəzinə “mən bu vəziyyətdə özümü belə hiss edirəm” kimi ifadələr münasibətdə təhlükəsizlik mühiti yaradır. Eyni zamanda, birgə vaxt keçirmək, ortaq fəaliyyətlər planlaşdırmaq və münasibətə investisiya qoymaq emosional bağın güclənməsinə ciddi təsir edir. Bəzi hallarda isə peşəkar psixoloji dəstək münasibətlərin yenidən qurulmasında mühüm rol oynayır. Cəmiyyət tərəfindən formalaşdırılan “qadın belə olmalıdır”, “kişi belə olmalıdır” kimi stereotiplər isə ailədaxili münasibətlərə çox ciddi psixoloji təzyiq yaradır. Bu cür qəliblər insanın özünü olduğu kimi ifadə etməsinə mane olur və daxili konfliktlərə səbəb olur. Məsələn, kişilərin emosiyalarını ifadə etməməsi ilə bağlı gözləntilər onların daxili gərginliyini artırır və bu, zamanla aqressiya, uzaqlaşma və ya emosional donuqluq kimi problemlərə gətirib çıxarır.
Digər tərəfdən, qadınlardan gözlənilən “hər şeyə dözməli”, “həmişə anlayışlı olmalı” kimi sosial rollar onların emosional tükənmişliyinə səbəb ola bilər. Bu stereotiplər uzun müddət davam etdikdə psixoloji travma riskini artırır. Çünki insan öz daxili ehtiyacları ilə sosial gözləntilər arasında qalır və bu ziddiyyət onun psixoloji tarazlığını pozur. Özünü ifadə edə bilməmək, daim uyğunlaşmağa məcbur qalmaq və qəbul olunmamaq hissi insanın özünə dəyər hissini zəiflədir. Nəticədə həm fərdi səviyyədə psixoloji problemlər yaranır, həm də bu problemlər ailədaxili münasibətlərə ötürülür.
Müasir yanaşma ondan ibarətdir ki, ailədə rollar sərt stereotiplərlə deyil, qarşılıqlı razılaşma, hörmət və fərdi xüsusiyyətlər əsasında formalaşmalıdır. Sağlam ailə modeli o modeldir ki, orada hər bir fərd özünü təhlükəsiz hiss edir, qəbul olunur və emosional olaraq dəstəklənir. Bu mühit yaradıldıqda nə emosional məsafə yaranır, nə də sosial stereotiplər dağıdıcı təsir göstərir”.
“Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Lent.az-a açıqlamasında bildirib ki, son zamanlar gənclərin ailə qurmaqdan çəkinmələrinin şahidi oluruq:

“Yaş həddindən asılı olmayaraq ailə qurmaq böyük məsuliyyət və ciddilik tələb edir. Ailə qurmaqdan söz düşərkən ilk olaraq ağlımıza gənclər gəlir. Lakin son zamanlar gənclərin ailə qurmaqdan çəkinmələrinin şahidi oluruq. Gənclərin ailə qurmaqdan çəkinmələri təkcə şəxsi seçim deyil, daha çox geniş sosial, iqtisadi və mədəni dəyişikliklərin nəticəsidir. Bu prosesə təsir edən əsas səbəbləri bir neçə istiqamətdə izah etmək olar. Belə ki, iqtisadi qeyri-sabitlik, yəni gənclər üçün sabit gəlir, iş yeri və mənzil təminatı əsas şərtlərdəndir. Həmçinin işsizlik və ya aşağı maaşlar, mənzil qiymətlərinin yüksək olması, kredit və borc yükü gənclərin ailə qurmaq məsələsində böyük risk yaradır. Gənclərin karyera prioritetlərinin dəyişməsi ilə bağlı müasir dövrdə gənclər əvvəlcə təhsil və karyera qurmağa üstünlük verirlər. Sonra özlərini reallaşdırmaq istəyindən irəli gələrək peşəkar uğur əldə etmədən ailə qurmaq istəmirlər.
Bu da nikah yaşının artmasına səbəb olur. Sosial media və “ideal həyat” illüziyasını da unutmaq olmaz. Daha doğrusu, sosial şəbəkələrdə təqdim olunan “mükəmməl həyat” obrazı istər-istəməz real gözləntiləri dəyişir, gənclər özləri üçün daha yüksək standartlar müəyyən edirlər. Reallıqla illüziyalar, gözləntilər arasında dərin uçurum yaranır. Bu da qərarsızlıq və tərəddüd yaradır. Ənənəvi ailə modelinin müasir ailə modeli ilə yerdəyişməsi artıq onun əvvəlki kimi dominantlığı sıradan çıxır. Gənclərin fərdi həyat tərzinə üstünlük verməsi, hətta rəsmi nikah olmadan birlikdə yaşamaq istəyi və boşanma saylarının artması ailə münasibətlərindəkəskin dəyişikliklərə gətirib çıxarır. Psixoloji amillər, məsuliyyət qorxusu, uğursuz nikah nümunələrinin çoxluğu, boşanma qorxusu, öhdəliklərdən çəkinmə, xüsusilə, uşaqlıqda problemli ailədə böyüyən gənclər bu məsələdə daha həssas olurlar. Digər vacib problem gender rollarının transformasiyası, qadınların təhsil və karyera imkanlarının artması ilə ailə daxilində rollar dəyişir. Uşaq baxımı xidmətlərinin məhdudluğu, gənc ailələr üçün sosial proqramların azlığı gənclərin ailə qurmaqdan çəkinməsində mühüm rol oynayır. Bu da onların “ailəyə qarşı olmaq” deyil, daha çox “hazır olmamaq” və “riskləri hesablamaq” yanaşması bəhanəsini ortaya çıxarır. Bu tendensiyanı dəyişmək üçün iqtisadi sabitliyin artırılması, gənc ailələrə sosial dəstək proqramlarının genişləndirilməsi, sağlam ailə modelinin təşviqi vacibdir”.
Yazı Medianın İnkişafı Agentliyinin “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc edilib.
