“Google” şirkətinin süni intellekt platforması “Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır.
Lent.az xəbər verir ki, bu barədə “YouTube”un Orta Şərq və Şimali Afrika (MENA) regionu üzrə rəhbəri Cavid Aslanov məlumat paylaşıb.
Məlumata əsasən, Azərbaycan dilində təqdimat “Gemini 3” erasının – şirkətin indiyədək ən güclü və qabaqcıl süni intellekt nəslinin qlobal istifadəyə verilməsi ilə eyni vaxta təsadüf edir.
“Lokallaşdırılmış interfeys artıq veb versiyada aktivdir, həmçinin mobil cihazlarda (“Android” və “iOS”) tam dəstək və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.
Cavid Aslanov bildirib ki, istifadəçilər üçün “Nano Banana” və “Veo” kimi yaradıcı alətlər də təqdim edilir. Bununla yanaşı, məhsuldarlıq və təhsil istiqamətində üç yeni funksiya Azərbaycan dilində istifadəyə verilib.
“Canvas” istifadəçilərə yazı və proqramlaşdırma üçün xüsusi iş mühiti təqdim edərək mürəkkəb layihələr üzərində “Gemini” ilə paralel işləməyə imkan yaradır. “Deep Research” müxtəlif mənbələrdən məlumatları təhlil və sintez edərək geniş hesabatlar hazırlayır. “Guided Learning” isə sistemi fərdiləşdirilmiş müəllim formatına çevirərək mövzuların addım-addım izahı və interaktiv testlər vasitəsilə öyrənilməsini təmin edir.
“Bu yenilik Azərbaycan dilində rəqəmsal ekosistemin genişlənməsinə və süni intellekt alətlərinin daha əlçatan olmasına töhfə verəcək”, - deyə Cavid Aslanov vurğulayıb.