Bakı Ağır Cinayətlər Məhkəməsində “Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edərək Aydın Hüseynovun 8 il azadlıqdan məhrum edilməsini və onun 3 il müddətinə vəzifə tutmaq səlahiyyətindən məhrum etməklə barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənərək məhkəmə zalıbdan həbs olunmasını istəyib.
Məhkəmə qısa müşavirədən sonra Aydın Hüseynovun barəsində olan icraata cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verildiyini, onun barəsində olan qətimkan tədbirinin ləğv edildiyini elan edib.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən istintaqla həmin qurumun təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.
Toplanmış sübutlar əsasında Aydın Hüseynova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.