Ötən il Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkarlanıb
01 fevral 2010 16:15 (UTC +04:00)

Ötən il Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkarlanıb

0
2009-cu il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 437-i (96,0 faiz) Azərbaycan vətəndaşı, 18 nəfəri (4,0 faiz) isə əcnəbilərdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Lent.az-a bildiriblər ki, ötən il qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşından 362-si (82,8 faiz) kişi, 75-i (17,2 faiz) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub.

Ümumilikdə, Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV-infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2174 nəfəri (96,0 faiz) Azərbaycan vətəndaşı, 90 nəfəri (4,0 faiz) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1819-u (83,7 faiz) kişi, 355-i (16,3 faiz) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 447 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 281 nəfər təşkil edir.

Azərbaycan vətəndaşında ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insandan 637-i (29,3 faiz) Bakı şəhəri və Abşeron rayonunda, 1497-si (68,9 faiz) respublikanın digər 53 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin (1,8 faiz) yaşayış yeri naməlumdur.

1992-ci ildən 2009-cu ilin sonunadək Azərbaycanda 799 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 19 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 171 ailədə ər-arvad, 557 ailədə yalnız kişi, 51 ailədə isə yalnız qadın yoluxub.

BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 7400-dən artıq insan HİV-ə yoluxur. Təkcə 2008-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,7 milyon, AİDS-dən vəfat etmiş insanların sayı isə 2,0 milyon olub. Ümumilikdə, 2008-ci ildə yer kürəsində HİV–lə yaşayan insanların sayı 33,4 milyon təşkil etmişdir ki, onlardan da 15,7 milyonu qadın, 2,1 milyonu uşaqdır. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 738

Oxşar yazılar