Dövlət Gömrük Komitəsinin təqaüddə olan polkovniki Həbib Bağırlı həbs olunub.
Lent.az-ın məlumatına görə, 46 yaşlı Naxçıvan sakini Həbib Bağırlının Bakıdakı şirkətlərdən birinə 423 min 489 manat borcu yaranıb. Lakin 2024-cü ildə borcun ödənilməsinə dair məhkəmə qərarı olmasına baxmayaraq, o, həmin borcu ödəməyib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi protokol tərtib olunub.
Məlumata görə, H. Bağırlı ötən 2 il ərzində borcdan yalnız 99 min manat ödəniş edə bilib.
Nəticədə Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində qeyd olunan maddə ilə protokol tərtib edilərək məhkəməyə müraciət edilib. Həbib Bağırlı gömrük orqanlarında müxtəlif vəzifələrdə işlədiyini və pensiyaya çıxdığını deyib. O, həmçinin bildirib ki, təqaüdünün 60 faizi alimentə yönəlir. Buna görə də onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib.
Həbib Bağırlı məhkəmədən bunları nəzərə alaraq protokola xitam verilməsini xahiş edib.
Zərərçəkən tərəf isə onlara ödənilməli olan borcun H. Bağırlının təqaüdünə yönəldilməsinin dayandırılmasına aydınlıq gətirib. Onun sözlərinə görə, borc təqaüdə yönəldiləndən sonra nədənsə keçmiş həyat yoldaşı məhkəməyə müraciət edib və aliment borcunun H. Bağırlının təqaüdündən tutulmasını istəyib.
Məhkəmə keçmiş gömrük polkovnikinin xahişini nəzərə almayıb və onun barəsində 15 günlük inzibati həbs qərarı verib.
Lent.az qaynarinfo.az-a istinadla bildirir ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunduqdan sonra işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi "Səba" Açıq Səhmdar Cəmiyyətində təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ehtimal edilir ki, Həbib Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423 489.69 manat ziyan vurub.
Xatırladaq ki, Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı müddətdə "Dövlət qulluğunda fərqlənməyə görə" və digər mükafatlara layiq görülüb.