“Epşteyn işi”  – Avropa Şurasının keçmiş rəhbərinin toxunulmazlığı ləğv edilir, küllü miqdarda pul ortaya çıxdı
06 fevral 2026 10:14 (UTC +04:00)

“Epşteyn işi” – Avropa Şurasının keçmiş rəhbərinin toxunulmazlığı ləğv edilir, küllü miqdarda pul ortaya çıxdı

0

Norveç polisi 1996–1997-ci illərdə Əmək Partiyasının hökumətinə rəhbərlik edən Thorbjorn Jagland barəsində Ceffri Epşteynlə keçmiş əlaqələri ilə bağlı “ağırlaşdırılmış korrupsiya” şübhəsi əsasında istintaq başladıldığını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə Le Monde məlumat yayıb.

Norveç polisi cümə axşamı, fevralın 5-də bildirib ki, məhkum edilmiş cinsi cinayətkar Ceffrey Epşteyn ilə əlaqələrinə görə keçmiş baş nazir Thorbjorn Jagland barəsində “ağırlaşdırılmış korrupsiya” maddəsi ilə istintaq açılıb. Ölkənin xarici işlər naziri də istintaqın aparılmasını asanlaşdırmaq üçün Jaglandın beynəlxalq təşkilatın keçmiş rəhbəri kimi toxunulmazlığının ləğv edilməsini tələb edəcəyini bildirib.

Thorbjorn Jagland kimdir?

Jagland 1996–1997-ci illərdə Norveçin baş naziri, 2009–2019-cu illərdə isə Avropa Şurasının baş katibi olub. O, həmçinin 2009-cu ilin yanvarından 2015-ci ilin martına qədər Nobel Sülh Mükafatını seçən komitəyə rəhbərlik edib. Norveç polisinin iqtisadi cinayətlər üzrə bölməsi Okokrim açıqlamasında bildirib ki, “Thorbjorn Jagland barəsində ağırlaşdırılmış korrupsiya şübhəsi ilə istintaq açılıb”.

Okokrimin direktoru Pal K. Lonseth açıqlamada deyib: “Açıqlanan sənədlərin əhatə etdiyi dövrdə onun Nobel Komitəsinin sədri və Avropa Şurasının baş katibi vəzifələrində olmasını nəzərə alaraq istintaq üçün əsaslı səbəblərin olduğunu düşünürük.” Açıqlamada əlavə olunub ki, “digər məsələlərlə yanaşı, Okokrim onun vəzifəsi ilə əlaqədar olaraq hədiyyələr, səfərlər və kreditlər alıb-almadığını araşdıracaq”. Qeyri rəsmi məlumatlara görə, sözü gedən araşdırma nəticəsində ortada kifayət qədər yüksək maddi vəsaitdən söhbət gedir.

Jagland Avropa Şurasının keçmiş rəhbəri kimi toxunulmazlıq hüququna malik olduğundan, səlahiyyətlilər bu toxunulmazlığın ləğvi üçün Xarici İşlər Nazirliyinə müraciət etdiklərini bildiriblər. Xarici işlər naziri Espen Barth Eide verdiyi açıqlamada deyib: “Bu işin faktlarının üzə çıxarılması vacibdir. Bu isə cənab Jaglandın toxunulmazlığının istintaqa mane olmaması deməkdir. Buna görə də Norveçin Avropa Şurasının Nazirlər Komitəsinə Jaglandın toxunulmazlığının ləğvi ilə bağlı təklif irəli sürməsinə qərar verdim.”

Norveçin VG qəzeti bildirib ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən cümə günü açıqlanan son sənədlərə əsasən, Jagland mərhum maliyyəçi Epşteyn ilə geniş əlaqələrə malik olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar