Azərbaycan BƏƏ əlaqələri ən zirvə nöqtədə  - Rasim Abdulla yazır
06 fevral 2026 10:10 (UTC +04:00)

Azərbaycan BƏƏ əlaqələri ən zirvə nöqtədə - Rasim Abdulla yazır

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 2-5 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri, bu səfərin müddəti, onun çərçivəsində keçirilən görüş və tədbirlərin əhatəsi, həmçinin eyni vaxtda orada baş tutan bir sıra digər beynəlxalq toplantılarda Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətləri ilə geniş təmsil olunması cari ilin ən diqqətəlayiq hadisəsi kimi yadda qaldı.

Qeyd edilən səfər zamanı BƏƏ-nin ev sahibliyi ilə gerçəkləşdirilən Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşünün, iki ölkə arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsinə müsbət təsir etdiyini desək heç də yanılmarıq. Öz çıxışında ölkə rəhbərimiz bu prosesə BƏƏ-nin əvvəldən verdiyi töhfəni vurğulayaraq qeyd etmişdir ki, 2025-ci ilin 8 avqustunda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflandığı tarixi Vaşinqton Sammitindən bir ay əvvəl - ötən ilin iyul ayında - iki ölkə arasında sonuncu danışıqlar raundu, məhz BƏƏ-də baş tutmuşdur: “Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.”

Bu baxımdan, fevralın 4-də BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təntənəli təqdimolunma mərasimində çoxsaylı dövlət başçılarının təbrik videomüraciətləri, onların Azərbaycan Prezidentinə verdikləri önəmin ifadəsi olduğu kimi, Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin uğurlu vasitəçilik rolunun da etirafı idi.

Bu rolun  təsdiqi kimi qeyd etmək olar ki, BƏƏ-nin Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərinə ev sahibliyi etdiyi eyni vaxtda, daha dəqiq desək 4-5 fevral tarixində Əbu-Dabidə Ukrayna-Rusiya danışıqları da baş tutmuşdur. Ukrayna tərəfi bu danışıqların həqiqətən konstruktiv keçdiyini, onun yekunu olaraq 157 ukraynalı hərbçinin azad edilidiyini elan edərək, Birləşmiş Ərəb Əmirliklərinə keyfiyyətli təşkilatçılıq və vasitəçilik üçün təşəkkürünü bildirib.

Görünən odur ki, istər Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna, istərsə də digər münaqişəli ölkələr arasında beynəlxalq sülh danışıqları üçün etibarlı vasitəçi kimi çıxış etməklə, BƏƏ təkcə regional deyil, həm də qlobal təhlükəsizlikdə söz sahibi olmaq istəyini nümayiş etdirir. Mürəkkəb beynəlxalq problemdə vasitəçilik rolunu öz üzərinə götürməklə, bu ölkə öz beynəlxalq nüfuzunu sadəcə enerji və ticarət sahəsində deyil, həm də geosiyasi dəstəkdə də genişləndirir.

Buna sübut kimi son həftə ərzində bu ölkədə baş tutan böyük beynəlxalq tədbirləri qeyd etmək kifayətdir. Bu tədbirlərdən biri 3-5 fevral tarixlərində Dubayda keçirilən, Azərbaycanın nazir və məsul şəxslərinin də qatıldığı Dünya Hökumətlər Sammiti (WGS) olmuşdur. Sözügedən Sammit 150-dən artıq ölkədən rəsmi şəxsləri, o cümlədən 60-dan çox dövlət və hökumət başçısını və onların müavinlərini, 500 naziri,  80-dən çox beynəlxalq və regional təşkilat və qlobal qurum rəhbərlərini, 700-dən çox aparıcı beynəlxalq korporasiyaların baş direktorları da daxil olmaqla ümumi olaraq 6250-dən çox nümayəndəni bir araya gətirmişdir. Sammit dünya səviyyəli liderləri bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Bu da ki, BƏƏ-nin qlobal gündəmdəki rolunu gücləndirir və ölkəni beynəlxalq siyasi dialoqun mərkəzinə çevirir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev səfər zamanı çıxışlarının birində Birləşmiş Ərəb Əmirliklərini dünyanın ən firavan və ən uğurlu ölkələrindən biri kimi xarakterizə edib, onu bir çox ölkələr üçün nümunə olduğunu vurğulamışdır. Ərəb ölkələri arasında Azərbaycana ən çox investisiya yatıran və ən yüksək ticarət dövriyyəsinə malik olan ölkənin Birləşmiş Ərəb Əmirlikləri olması yuxarıda qeyd edilənləri bir daha təsdiq edir.

Azərbaycan üçün BƏƏ ilə geniş münasibətlər yaratmaq, Qərbi Asiya və Körfəz regionu ilə siyasi inteqrasiyanı artırmaq, həmçinin BƏƏ-ni etibarlı tərəfdaş olaraq möhkəmləndirmək anlamına gəlir. Belə əlaqələr ölkənin regional balans siyasətini dəstəkləyir. Bundan əlavə, Cənub Qaz Dəhlizi kimi strateji layihələrdə BƏƏ investisiyalarının genişləndirilməsi, Azərbaycan üçün Avropa enerji təhlükəsizliyinə  töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

Həqiqətən də, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla, Ərəb dünyasının ən nüfuzlu və qabaqcıl ölkələrindən olan BƏƏ bir çox sahələrdə ortaq maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanaraq öz münasibətlərini daha da inkişaf etdirə bilərlər. Ölkə başçılarının ötən bir neçə ildə baş tutan qarşılıqlı səfərləri və bu səfərlər əsnasında imzalanmış sənədlər, hər iki tərəfin bu münasibətlərin inkişafında maraqlı olduğunu bariz şəkildə göstərir. Cənab Prezident İlham Əliyevin son səfəri zamanı apardığı danışıqlar və onun iştirakı ilə imzalanan sənədlər, həmçinin eyni vaxtda bu ölkədə səfərdə olan digər hökumət nümayəndələrimizin əldə etdiyi razılaşmalar, habelə bu səfərlər çərçivəsində gerçəkləşən ictimai və dini liderlərinin təmasları, iki ölkənin siyasi, iqtisadi, investisiya, hərbi-təhlükəsizlik, təhsil, dini, sosial xidmət və digər sahələrdə çox şaxəli, güclü əlaqələrinə təkan verən amillər olacağına şübhə yoxdur. Çünki hal-hazırda ikitərəfli əlaqələr qurulduğu tarixdən bəri özünün ən zirvə nöqtəsinə çatmışdır.

 

Rasim Abdulla

Şərqşünas araşdırıcı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar