Valeriya və Kamila adlanan, özlərini siam əkizləri kimi təqdim edən iki gənc qadının sosial şəbəkə hesabları qısa müddətdə viral olub. Onların "Instagram" bloqu 280 mindən çox izləyici toplayıb. Lakin mükəmməl görünüşlü fotolar və birləşmiş onurğa ilə bağlı dramatik hekayələr mütəxəssislərdə ciddi şübhələr yaradıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Valeriya və Kamila internetdə sürətlə populyarlaşaraq yüz minlərlə izləyici qazanıblar. Onlar paylaşımlarının Mayamidə hazırlandığını iddia edir və "Instagram" bioqrafiyalarında özlərini “iki baş, bir görüntü” kimi təqdim edirlər. Lakin diqqətli istifadəçilər çox qısa müddətdə bu hekayədə uyğunsuzluqlar hiss etməyə başlayıblar.
Profilində yüzdən bir qədər çox paylaşım olmasına baxmayaraq, əkizlər artıq TikTok və Telegram platformalarında da aktivdirlər. Burada onlar əsasən dəbli fotolar paylaşırlar - bikini, dərin dekolteli geyimlər və qısa ətəklərlə. Bu isə bir çox istifadəçidə suallar yaradıb.
Getdikcə daha çox insan bu obrazların əvvəllər süni intellekt məhsulu olduğu üzə çıxan digər virtual influenserlərə bənzədiyini qeyd edir. Xüsusilə dünyanın ən gözəl qızı kimi təqdim edilən məşhur süni obrazla oxşarlıqlar müzakirə olunur.
![]()
Hesabın həddindən artıq ideal görünməsi, hətta şəxsi suallara hekayələr bölməsində cavab verilməsinə baxmayaraq, şübhələri aradan qaldırmayıb.
Valeriya və Kamila nə danışırdı?
Onlar belə doğulduqlarını iddia edir, ətrafdakıların daim diqqət mərkəzində olduqlarını bildirir və heç vaxt tibbi ayrılma əməliyyatı barədə düşünmədiklərini deyirdilər. Dediklərinə görə, 25 yaşları var, Floridadandırlar və başqa cür həyat istəmirlər.
Sual-cavab sessiyalarının birində isə belə yekunlaşdırıblar: “Biz hərəkət edirik, danışırıq və açıq-aşkar süni intellekt deyilik”.
Buna baxmayaraq, şübhələr səngiməyib. Şərhlərdə tez-tez bu realdır” və ya “AI” kimi reaksiyalar görünür.
Həqiqət, yoxsa saxtakarlıq?
Nəticədə bu hekayə ifşa olunub. Süni intellekt üzrə mütəxəssis Endryu Halbert bunun saxta olduğunu bildirib. Onun sözlərinə görə, bu narrativ maksimum maraq və qarşılıqlı əlaqə yaratmaq üçün düşünülmüş şəkildə qurulub:
“Bu, ideal insana dair ideal hekayədir və istifadəçinin diqqətini cəlb etmək üçün hazırlanıb”.
Mütəxəssis qeyd edib ki, görüntülər açıq şəkildə süni intellekt tərəfindən yaradılıb. Buna hiperideallaşdırılmış bədən quruluşu, qüsursuz dəri sübutdur. Xüsusilə gözlər əsas fərqləndirici əlamət kimi göstərilir.
“Bu fotolar mediada gözəlliyin necə təqdim olunduğunun simvoludur və orada heç bir qüsur yoxdur, bu isə real deyil”, - Halbert vurğulayıb.
Şərhlərdə bəzi istifadəçilər açıq şəkildə bunun süni intellekt olduğunu yazsa da, digərləri hələ də qızların görünüşünü tərifləməyə davam edir. Ehtimal olunur ki, auditoriyanın bir hissəsi obrazın saxta olduğunu anlayır və məhz bu səbəbdən maraq göstərir.