"Instagram" şəkillərinizdən barmaq izi məlumatlarını  necə çıxarır?
18 may 2026 12:43 (UTC +04:00)

"Instagram" şəkillərinizdən barmaq izi məlumatlarını necə çıxarır?

0

Sosial şəbəkələrdə geniş yayılan “V” işarəli selfilər düşündüyünüzdən daha təhlükəli ola bilər. Kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, barmaqları ön planda görünən adi bir foto belə biometrik məlumatların oğurlanmasına yol aça bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, yüksək keyfiyyətli şəkillər vasitəsilə barmaq izlərini bərpa etmək artıq real təhlükəyə çevrilib. Bu barədə ilk xəbərdarlıqlar illər əvvəl edilsə də, süni intellekt və müasir smartfon kameralarının inkişafı riski daha da artırıb.

Çində yayımlanan realiti-şou zamanı maliyyə eksperti Li Çan məşhur bir şəxsin selfisi üzərindən barmaq izlərini çıxarmağın mümkün olduğunu nümayiş etdirib. O, süni intellekt alətlərindən istifadə edərək adi fotodakı bulanıq görüntünü detallı biometrik məlumatlara çevirə bilib.

Mütəxəssislərin sözlərinə görə, foto 1,5 metr məsafədən çəkilibsə, barmaq izlərinin tam surətdə kopyalanması ehtimalı çox yüksəkdir. 3 metr məsafədən çəkilən şəkillərdə isə biometrik məlumatların təxminən yarısını bərpa etmək mümkündür.

Cin Cü bildirib ki, yüksək çözünürlüklü kameralar sayəsində sadəcə “V” işarəsi göstərilən fotolardan belə barmaq izlərini yenidən yaratmaq texniki baxımdan mümkündür.

Ekspertlər panikaya ehtiyac olmadığını desələr də, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayırlar. Onların fikrincə, yaxın gələcəkdə bu cür məlumatların əldə olunması daha da asanlaşa bilər.

Şəxsi məlumatların qorunması üçün mütəxəssislər bir neçə sadə məsləhət verir:

Sosial şəbəkədə paylaşdığınız fotolarda barmaq uclarını bulanıqlaşdırın, foto redaktorları ilə dəri teksturasını yumşaldın, əllərin yaxın planda göründüyü şəkilləri açıq paylaşmamağa çalışın.

Mütəxəssislər hesab edirlər ki, rəqəmsal dövrdə hətta ən adi vərdişlər belə təhlükəsizlik baxımından risk yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar