IX sinif buraxılış imtahanında iştirak edərək attestatla həm kollecə, həm də peşə məktəbinə sənəd vermək mümkündür. Lakin imtahandan müvəffəqiyyətlə keçə bilməyənlər, fənlər üzrə minimum – 0 bal toplayanlar da olur.
Bəs görəsən, onların aqibəti necə olur? IX sinif imtahanından 0 bal toplayanlar X sinfə keçə bilirlər?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, X sinfə qəbul valideynin ərizəsi əsasında aparılır:
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən şagirdlərin X sinfə qəbulu onların ümumi orta təhsil haqqında attestat aldıqları vaxtdan növbəti tədris ili başlanana qədər həyata keçirilir. Ümumtəhsil müəssisəsinin X sinfinə qəbul valideynin (qanuni nümayəndənin) ərizəsi və ümumi orta təhsil haqqında attestat əsasında aparılır”.
Qeyd edək ki, bu il aprelin 5-i və 12-si ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Növbəti imtahan isə aprelin 26-sı olacaq. İndiyə qədərki imtahanlarda 102 mindən çox abituriyent iştirak edib. İmtahan nəticələri isə ümumilikdə 6 həftədən sonra elan edilir.