Milli siam əkizlərimiz, mumiyalarımız və... meyit alveri – REPORTAJ
0
0
Diqqət! Əsəbi zəif olanlar və uşaqlar baxmasın!
Reportaj hazırlamağa getdiyim məkanda - Azərbaycan Tibb Universitetində (ATU) qarşıma çıxan ilk tələbədən buradakı muzeylə bağlı soruşanda gözləmədiyim cavab verdi. Dedi ki, "nəyi maraqlıdı oranın? Adi muzeydi də..." Əslində bunu bir tərəfdən normal saydım. Çünki daim orada olan adamlar üçün həmin yer adi sayıla bilər. Ancaq kənarda olanlar üçün yox. Tibb Universitetindəki Anatomiya Muzeyindən yazacam bu dəfə. O muzeydən ki, bura dünyanın müxtəlif ölkələrinin nazirləri, əcnəbi dövlətlərdəki universitetlərin rektorları, tanınmış adamlar gəlib, muzeyin rəy dəftərinə ürək sözlərini yazıblar. O muzeydən ki, Quzey Kipr türkü olan məşhur milyarder Suat Günsel də bura gəlib və bu sözləri yazıb: "Bu gün həyatımın ən önəmli gününü yaşadım..."
Başlayaq. Ancaq əvvəl qısa qeyd: orada öyrəndiklərimdən sonra fikirləşdim ki, yazını təkcə muzeyə həsr eləməyim. Ona görə də bu yazıda Azərbaycanla bağlı bilmədiyiniz çoxlu gizlinlərə rast gələcəksiniz.
İnsan Anatomiyası kafedrası
ATU-nun indiki İnsan Anatomiyası kafedrasını 1919-cu ildə Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) yaradıcısı və ilk rektoru professor Razumovski təşkil edib. O, həm BDU-nun rektoru, həm də İnsan Anatomiyası kafedrasının müdiri olub. BDU-dakı ilk mühazirəni də 1919-cu il sentyabrın 20-də Razumovski məhz bu kafedrada oxuyub. Onun mühazirəsi hələ də ATU-da saxlanılır.
İndiki Anatomiya Muzeyi də elə fakültə qurularkən yaradılıb. Razumovski Azərbaycanda 3-4 ay qaldıqdan sonra gedib. Bundan sonra kafedra müdiri vəzifəsinə Malinovski təyin edilib. Malinovskinin vaxtında bura muzey materialları yığılır. Malinovskidən sonra bu vəzifədə onu Antirov əvəzləyib. 1937-ci ildə isə onun yerinə professor Balakişiyev təyin edilir. O, bu vəzifədə 1973-cü ilə, yəni vəfat edənə qədər çalışır. Həmin ildən sonrakı təxminən 15 il müddətində Gülağa Hacıyev kafedra müdiri olur. Daha 5 il isə professor Əsgərov həmin vəzifəni tutub. 1995-ci ildən isə Vaqif Şadlınski kafedra müdiri kimi çalışır.
ATU-nun indiki İnsan Anatomiyası kafedrası yerləşən binası 1953-cü ildə istifadəyə verilib. Həmin vaxtdan muzey də bura köçürülüb. Razumovskinin vaxtından indiyədək kafedranın tərkibindəki Anatomiya Muzeyi tədris muzeyi kimi fəaliyyət göstərib və xeyli genişləndirilib. Hazırda insanın müxtəlif orqanları ayrıca saxlanılır. Burada həmçinin, eybəcər, qüsurlu doğulan uşaqların, siam əkizlərinin cəsədləri saxlanılır. Sonunculara əsasən yenicə doğulmuş körpələr daxildir.
Meyit alveri: 800-1000 dollar
Siam əkizlərinə qayıdacağıq. Hələliksə meyitlər barədə. ATU-da meyitlərin yarılaraq müayinə olunmasından yəqin hamının xəbəri var. Ancaq meyitlər bura necə gətirilir, yarılmış cəsədlərin sonrakı taleyi necə olur? Bax bundan çoxlarının xəbəri yoxdur. Birincisi, kafedra müdiri Vaqif Şadlınski deyir ki, hələ Azərbaycanda meyit sahiblərinin cəsədləri əyani vəsait kimi istifadə olunmasını özü istəməsinə, yaxud razılıq verməsinə rast gəlinməyib. Ancaq bəzi ölkələrdə bu, var. Ümumilikdə isə hazırda dünyadakı tibb universitetlərinin əksəriyyəti "meyit qıtlığı" yaşayır. Məsələn, Yaponiyada tibb universitetlərindən birinin rəhbərliyi ayda iki dəfə televiziya vasitəsilə xalqdan yaxınlarının meyitini xahişlə tələbələrin savadlanmasına sərf etmələrini istəyir. Meyitlərin əvəzində hətta pul da təklif edilir: bir meyitə görə 1000-1500 dollar. Ancaq həmin ölkədə də meyit qıtlığı var. Qardaş Türkiyədə meyit məsələsi daha çətindir. Vaqif Şadlinski bir müddət əvvəl Türkiyənin Ukraynadan meyit almasına vasitəçilik də edib. Yəni, Ukraynadan meyit alaraq türk qardaşlarımıza gətirib: birini 800-1000 dollara.
Ən çox meyit bolluğu olan ölkə isə Rusiyadır. Yerli "alkaş"lar, bomjlar, avaralarla dolu küçələr tibb universitetləri üçün əsl xammal bazasıdır. Hətta vəziyyət o həddədir ki, hökumət meyitlərin basdırılması problemindən canını qurtarmaq üçün maraqlı bir üsul da düşünüb: nəhəng firmalarla müqavilə imzalanıb. Həmin firmalar meyitlərin bir qismini satır, qalanını basdırır. Firmalar indi hətta yerli dövlət tibb ali məktəblərinə də meyiti baha qiymətə təklif edir.
İranda isə vəziyyət tam fərqli və qəlizdir: burada yerli meyitlərin yarılmasına icazə verilmir. Ona görə də yerli tibb universitetləri meyiti Hindistandan alır.
Meyityandırma sobası
Azərbaycanda isə meyit alqı-satqısı, konkret desək "meyit bazarı" yoxdur. Meyitlər nə ölkə daxilində alınıb-satılır, nə xaricə aparılır, nə də xaricdən bura gətirilir. Bizim Tibb Universiteti meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən pulsuz alır. Ali məktəbə gətirilən bu meyitlərin isə böyük əksəriyyəti sahibsiz meyitlərdir. Meyit əvvəlcə sahibsiz kimi "morq"a aparılır. Orada iki gün saxlanılır. Daha sonra ATU-nun İnsan Anatomiyası kafedrasına xəbər verilir və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra kafedraya gətirilir (təbii ki, bütün sahibsiz meyitlər bura gətirilmir. Onların bir hissəsi Bakının iki müxtəlif məkanında yerləşən "Kimsəsizlər qəbiristanlığı"nda basdırılır). Meyit burada təxminən bir həftə, yaxud daha çox müddət qalandan sonra, əgər sahibi çıxmazsa, yarılır. Sonra isə xüsusi meyityandırma sobasında yandırılır. Külü isə qəbiristanlıqların yaxınlığında yer qazılaraq basdırılır.
Birinci Haşiyə: Bir dəfə "morq"dan gətirilən meyit təxminən 20 günə yaxın müddətində İnsan Anatomiyası kafedrasında qalıb. Onu yarmağa hazırlaşan vaxt sahibi gəlib çıxıb və meyit ona təhvil verilib.
İkinci Haşiyə: Tanışlarımdan biri mənə demişdi ki, ATU-nun tələbələri "Kimsəsizlər qəbiristanlığı"na gedərək, oranın işçilərilə danışıb, meyit alır. Yəni, qəbiristanlıq işçiləri tələbəyə pullu xidmət göstərərək, sahibsiz qəbirlərdən birini qazaraq meyiti çıxarıb ona verir. Kafedra müdiri Vaqif Şadlinski isə deyir ki, belə şey mümkün deyil, çünki basdırılmış meyit artıq işə yaramır.
Qaraciyərin bir hissəsi 60-90 manatdır
Yeri gəlmişkən, ATU xaricdən ürək, qaraciyər, skelet və s. alır. Məsələn, bankada, formalin məhlulunun içərisində ürək təxminən 250-300 manata başa gəlir. Ancaq bunlar təbii ki, meyitlər kimi tədris materialları kimi istifadə olunur. İnsana hansısa orqanın köçürülməsi isə çox bahadır. Bundan ötrü birinci növbədə donor tapmaq lazımdır. Konkret olaraq qaraciyərin bir hissəsi 60-90 min manatdır (məşhur müğənni Baloğlan Əşrəfova da məhz qaraciyərin bir hissəsi köçürülmüşdü). ATU-da olarkən onu da öyrəndim ki, hazırda Azərbaycanda öz qaraciyərinin bir hissəsini, böyrəyinin birini satışa çıxaran insanlar var. Belə şəxsləri cərrahiyyə əməliyyatının ediləcəyi ölkəyə - adətən Türkiyə və İrana - aparırlar. Həmin ölkədə şəxsin müvafiq orqanı Azərbaycan, yaxud digər ölkələrin vətəndaşına köçürülür və o, əvvəlcədən danışılmış pulunu alır. Azərbaycanda da bir neçə uğurlu böyrəkköçürmə əməliyyatları olub. Ancaq hələ ki, qaraciyər və ümumiyyətlə dünyada çətin əməliyyat sayılan ürəkköçürmə əməliyyatına rast gəlinməyib.
Üçüncü Haşiyə: Adətən, qəfil ölümlə üzləşən və yaxınları yanında olmayan meyiti "Təcili yardım" "morq"a aparır. Burada meyit yarılır. Meyit sahibləri onun yarılmamasına çalışırlar. Əslində isə meyiti yarmaqla onun hansı səbəbdən öldüyünü dəqiqləşdirmək mümkün olur. Hazırda qonşu Gürcüstan da daxil olmaqla bir neçə ölkədə meyitlərin yarılması qadağan edilib (cinayət baş verən hallar istisna olmaqla). ATU-da olarkən bildirildi ki, yaxın vaxtlarda bu məsələ Azərbaycanın Milli Məclisində də gündəmə gələcək və müvafiq qanun qəbul olunacaq (yaxud müvafiq qanuna əlavə və dəyişikliklər ediləcək).
Meyityarma tarixdə
Ümumiyyətlə, meyitlərin yarılması hələ orta əsrlər dövründən qadağan edilmişdi. Anatomiyanı öyrənənlərin yəqin ki, tarixdə "yevistaxilərin yandırılması" hadisəsindən xəbərləri var. Belə ki, XVI əsrdə tələbələr müəllimlərin tapşırığı və köməkliyilə gecələr qəbiristanlıqdan yeni basdırılmış meyitləri çıxarıb aparırmış. Həmin meyitlər gizlicə yarılır, bununla da tələbələrə praktiki biliklər verilərmiş. Ancaq din xadimləri bundan xəbər tutur. Onlar qəbiristanlıqda meyit çıxaranları izləyib tutur, sonra isə hamısını meydanda, hər kəsin gözü önündə yandırıblar. Burada maraqlı bir məqamı da deyim. Yevistaxilərin yandırılması səhnəsinin fotoçəkiliş olmayan həmin dövrdə rəsmi çəkilib. Həmin rəsmin orijinalı indi məhz Azərbaycanda - Dövlət Tarix Muzeyində saxlanılır. Bu maraqlı olduğu qədər həm də çox bahalı rəsmdir.
Tarixdə ilk dəfə güclü alim olan Andrey Merzaviyə meyit yarmağa icazə verilib. Bu icazəni həmin vaxt IV Lüdovik alimin elmi biliklərini artırması və başqalarına öyrətməsi üçün vermişdi. Merzavi 200-dək meyit yarıb. Ancaq sonuncu meyitin yarılması zamanı alimin başına ətrafdakıların gözləmədiyi bir iş gəlib: qadın meyitini yarıb ürəyi əlinə götürən zaman orqan işləməyə başlayıb. Bundan sonra Merzavi "diri adamı yarıb ürəyini çıxarmaqla öldürməkdə" günahlandırılaraq sürgün edilib, sürgündə vəba xəstəliyindən ölüb. Əslində isə istənilən ölən şəxsin meyitinin hansısa orqanının tərpənməsi, işləməsi sinirlərin gec məhv olmasıyla əlaqəlidir.
Milli siam əkizləri
Qayıdaq muzeyə. Burada mənimçün bələdçiliyi ATU-nun İnsan Anatomiyası kafedrasının dosenti, tibb elmləri doktoru Ağasəmid İsayev edirdi. Əvvəlcə Patologiya muzeyini gəzdik. Bu muzeydəki preparatların hər biri orijinaldır. Muzeyin girişində Malinovskinin (İnsan Anatomiyası kafedrasının ikinci rəhbəri) meyitinin külü var. Kül qutuya qoyulub. Onun yanında isə Malinovskinin sidik orqanlarının preparatı var. Maraqlıdır ki, Malinovski yalnız öləndən sonra onun sidik orqanlarında bədxassəli şiş olduğu aşkarlanıb.
Yəqin çoxları bilmir ki, Azərbaycanda da siam əkizləri doğulur. Muzeydə məhz ölkədə doğulan iki başı, bir bədəni, iki ayağı olan əkizlərin meyitləri də saxlanılır. Bunlar əsasən ölü doğulan və sonradan ölən körpələrdir. Körpələrin qolunda Doğum Evində vurulmuş “birka”lar da var.
Burada beyin yırtığı ilə doğulan, tək gözü olan körpələrin də meyitləri var. Muzeydə 6 aylıq ölü doğulan körpələrin meyitləri və döllər də var.
Dördüncü Haşiyə: Azərbaycanda övladı siam əkizi olanlar, yaxud anormal körpə dünyaya gətirənlər onu cəmiyyətdən, o cümlədən yaxınlarından gizlədir. Bu səbəbdən də çoxları ölkədə siam əkizlərinin olmasından xəbərsizdir. Ölkəmizdə doğulan siam əkizləri ya ölü dünyaya gəlib, ya da doğulandan az müddət sonra ölüb. Ancaq Gəncə şəhərində dünyaya siam əkizi 12 yaşınadək yaşayıb. Bir-birinə bitişik vəziyyətdə olan qızları valideynlər atmayıblar. Ümumilikdə isə siam əkizlərilə bağlı daha çox faktın olduğu ehtimal edilir. Ancaq valideynləri onların cəmiyyətə bəlli olmasına imkan vermirlər.
Milli mumiyalarımız
Muzeydə insan skeletləri də var. Kül və skeletlərdən başqa, saxlanılan bütün pereparatlar, o cümlədən ayrı-ayrı insan orqanları, baş, anormal doğulan uşaqların meyitləri və döllər formalin məhlulunun içərisində saxlanılır.
Beşinci Haşiyə. Şüşələrdən birində formalin məhlulunun içərisində 5-7 yaşlı bir oğlan vardı. Onun qolları və ayaqları yarıdan kəsilmişdi. Səbəbini soruşduqda bələdçim Ağasəmid İsayev dedi ki, bəs meyit şüşə qaba yerləşmədiyindən onun qolları və ayaqları kəsilib.
Muzeydə Azərbaycanda tapılan mumiyalanmış 3 meyit var. Sözün düzü, Azərbaycanda mumiyalanmış meyitlərin olduğunu birinci dəfədir ki, eşidirdim. Ona görə də bunlarla bağlı daha çox maraqlandım. Ancaq ATU-da qısaca dedilər ki, mumiyalanmış meyitlər ölkədəki məscid və kilsələrdə aparılan qazıntılar zamanı tapılıb...
Pərvin ABBASOV
[email protected]