Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstə - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalıyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərdən Gündüz Cəfərov, Hilal Becənov, Xəyal Əhmədov ifadə verib.
Gündüz Cəfərov ifadəsində təqsirləndirilən şəxslərin ona 8 min manat ziyan vurduğunu deyib: "Gecə saat 2-i idi. Yatmışdım. Birdən evə 4-5 nəfər girdi. Özlərini “narkobiznes”in əməkdaşı kimi təqdim etdilər. Pəncərədən qaçmaq istədim, başıma zərbə vurub yerə yıxdılar. Məni döydülər, bud nahiyyəmə bıçaqla zərbə vurdular. Evdə əlimi qolumu, ağzımı "skoçla" bağladılar. 7-8 min manatlıq qızılı götürüb getdilər. Məsələ ilə bağlı polisə məlumat verdim. Bunlar tutulandan sonra üzləşmə zamanı evimə girənlərdən birinin səsini tanıdım, bu Müşfiq Mikayılov idi".
Digər bir zərərçəkən Hilal Becənov isə ifadəsində hadisə zamanı tanışı Xəyal Əhmədovla birgə bıçaqlandığını deyib: "Neftçilər metrostansiyası yaxınlığında avtobus gözləyirdik. Arxama baxan zaman hicablı bir qadın gördüm. Bircə gözü görünürdü. Qorxdum, bismillah dedim. Üstündən bir müddət sonra iki nəfər şəxs əlində bıçaqla üzərimizə gəlib bizi bıçaqladı. Məsələ ilə bağlı polisə məlumat verdik".
Xəyal Əhmədov tanışı Hilal Becənovla eyni məzmunda ifadə verib.
Proses iştirakçılarından biri həmin qadının Fəxri Şirinzadənin həyat yoldaşı olduğunu deyib. İstintaq materiallarında bildirilir ki, o qadının ində harda olduğu heç kimə məlum deyil. İbtidai istintaq zamanı bəlli olub ki, bu qadınla dəstə başçısı Nurəddin Xəlilov bir-birinə smslər yazıb. İstintaqda qeyd olunur ki, yazışma zamanı Nurəddin Xəlilovun mobil telefonunda həmin qadının açıq-saçıq şəkildə fotoları var. Nurəddin Xəlilov bir müddətdən sonra bu məsələ ilə bağlı Fəxri Şirinzadəyə “həyat yoldaşının doğru yolda olmadığını” deyib. İstintaqın araşdırmasına görə, bundan sonra o qadın haqda məlumat almaq mümkün olmayıb, öldürüldüyü güman edilir.
Məhkəmə prosesi fevralın 15-də davam edəcək.
Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.
Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vincester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.
Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri – Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etdikləri də məlum olub.