Rüşvətlə işə götürülən  müəllimlər DANIŞDI: Uşaq bağçası direktorunun MƏHKƏMƏSİ
15 aprel 2026 17:45 (UTC +04:00)

Rüşvətlə işə götürülən müəllimlər DANIŞDI: Uşaq bağçası direktorunun MƏHKƏMƏSİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən A.Z. işlə bağlı vakansiya üzrə müraciət etdiyini etdiyini bildirib:

"Mən musiqi müəllimi kimi müraciət etmişdim. Pulla bağlı haqq hesabı H. Rüstəmova ilə atam həll edib, mən o prosesləri görməmişəm. Ödənişi verəndən 10 gün sonra isə işə düzəldim. Bir il maaş aldım, daha sonra ala bilmədim deyə işdən çıxdım. Hazırda mədə dəyən ziyan ödənilib, şikayətim yoxdur".

Digər zərərçəkən C.K.-nın sözlərinə görə, iş üçün müraciət edəndə ona təcrübə keçdikdən sonra işləyə biləcəyi deyilib:

"Mənə dedilər ki, bir ay təcrübə keçməliyəm, daha sonra işlə təmin ediləcəyəm. Bu xanıma (təqsirləndirilənə işarə edir) 5000 manat pul vermişəm. Bir ay sonra iş bağlandı".

Növbəti proses 6 may saat 12:30-a təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib. Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar