Ərdoğana Bakıda 155 min “atıblar”
05 yanvar 2010 17:30 (UTC +04:00)

Ərdoğana Bakıda 155 min “atıblar”

0
Qarşı tərəf isə ondan 268 min manat istəyir

Türkiyə Cümhuriyyətinin vətəndaşı, iş adamı Tuqay Əli oğlu Ərdoğan 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə iddia ərizəsilə müraciət edib. Lent.az-ın xəbərinə görə, Ərdoğan “Akt-İnşaat Təmir-Tikinti” MMC-nin ona olan borcunun ödənilməsini tələb edir.

Borcun məbləği isə iddia ərizəsində 155 330 manat göstərilib.

İş adamı Tuqay Əli Oğlu Ərdoğanla “Akt-İnşaat Təmir-Tikinti” MMC arasında 4 dekabr 2008-ci ildə alqı-satqı əməliyyatları aparılmasına dair müqavilə imzalanıb. MMC-yə pərdə, dayaq qəlibləri və s. kimi mal təhvil verən Ərdoğan müxtəlif vaxtlarda sifariş olunan malların haqqını alıb. Lakin sonradan ona verilməli olan vəsaitin bir hissəsi – 155 330 manat ödənilməyib. İndi o, borcunu tələb edir.

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə qarşılıqlı iddia ərizəsilə müraciət edən “Akt-İnşaat Təmir-Tikinti” MMC isə günahı Ərdoğanda görür: MMC iş adamının sifarişləri müqavilədə göstərilən tələblərə uyğun şəkildə yerinə yetirilmədiyini iddia edərək, quruma 268 235 manat məbləğində ziyan vurduğunu bildirib. MMC Ərdoğandan bu qədər vəsait tələb edir.

İddialara yanvarın 6-da baxılacağı gözlənilir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 960

Oxşar yazılar