Sosial şəbəkədəki "ideal ər-arvad"lar  ailələri dağıdır
27 fevral 2026 15:01 (UTC +04:00)

Sosial şəbəkədəki "ideal ər-arvad"lar ailələri dağıdır

0

Azərbaycan ailə modeli tarix boyu qarşılıqlı hörmətə, mənəvi dəyərlərə, səbirə və ailədaxili dəstəyə əsaslanaraq formalaşıb. Ailə yalnız iki insanın münasibəti deyil, həm də cəmiyyətin əsas sütunlarından biri kimi qəbul edilib. Lakin son illərdə sosial şəbəkələrin sürətli inkişafı ailə münasibətlərinin mahiyyətinə və dinamikasına yeni çalarlar əlavə edib. Artıq münasibətlər təkcə real ünsiyyət müstəvisində deyil, həm də virtual mühitdə formalaşır və qiymətləndirilir.

“Instagram”,“TikTok” və “Facebook” kimi platformalarda təqdim olunan “mükəmməl ailə” obrazları, estetik paylaşımlar və filtrli xoşbəxtlik görüntüləri bir çox insanın ailə haqqında təsəvvürünə təsir göstərir.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Lent.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdəki “mükəmməl ailə” modeli cütlüklər arasında problemlərə səbəb ola bilir:

Bu gün psixoloq Elnur Rüstəmovun doğum günüdür | Cenublu.az

“Sosial şəbəkələr müasir ailə modelini sadəcə texnoloji mühit baxımından deyil, psixoloji və münasibət dinamikası baxımından da ciddi şəkildə transformasiya edib. Ən mühüm dəyişikliklərdən biri ailədaxili ünsiyyətin strukturunda baş verib. Əvvəllər ailə münasibətləri daha çox birbaşa emosional təmas üzərində qurulurdusa, indi münasibətlərin mühüm hissəsi dolayı və rəqəmsal müşahidə üzərindən formalaşır. İnsanlar bir-birini artıq yalnız davranışları ilə deyil, sosial mediada yaratdığı obrazla da qiymətləndirirlər. Bu isə ailə daxilində real kimliklə təqdim olunan kimlik arasında fərq yaradır və psixoloji gərginliyin yeni formalarını meydana çıxarır. Son illərdə ailə münasibətlərində müşahidə olunan əsas psixoloji dəyişikliklərdən biri müqayisə fenomeninin güclənməsidir. Sosial şəbəkələr insanların həyatının yalnız seçilmiş və idealizə olunmuş tərəflərini nümayiş etdirdiyi üçün fərdlər öz münasibətlərini başqalarının təqdim etdiyi “mükəmməl ailə” modelləri ilə müqayisə etməyə başlayırlar. Bu isə məmnuniyyət səviyyəsinin azalmasına, emosional uzaqlaşmaya və bəzən də münasibətlərdə latent narazılığın artmasına səbəb olur.  

Ailə daxilində gözləntilər real həyat təcrübəsindən deyil, virtual modellərdən qidalanmağa başlayır.

Bununla yanaşı ailə daxilində sərhədlərin psixoloji anlamı da dəyişir. Əvvəllər şəxsi məkan daha çox fiziki çərçivədə müəyyən olunurdusa, indi rəqəmsal məkan münasibətlərin mühüm hissəsinə çevrilib. Kimin kimi izləməsi, hansı paylaşımları bəyənməsi, kimlə yazışması kimi məsələlər münasibətlərin emosional təhlükəsizlik hissinə təsir göstərən amillərə çevrilir. Bu vəziyyət qısqanclığın yeni formalarını ortaya çıxarır. Artıq qısqanclıq yalnız real qarşılıqlı münasibətlər üzərində deyil, ehtimal və interpretasiya üzərində qurulur. Virtual davranış real niyyət kimi qəbul edilir. Sosial şəbəkələr güvən problemini birbaşa yaratmır, lakin onu asanlıqla stimullaşdıran mühit yaradır. Çünki sosial media şəffaflıqla yanaşı qeyri-müəyyənlik də yaradır. Məlumat çoxdur, amma kontekst yoxdur. İnsanlar gördüklərini tamamlanmış hekayə kimi şərh edir və bu şərhlər münasibətlərə emosional reaksiya doğurur. Nəticədə güvən artıq yalnız tərəfin davranışına deyil, onun rəqəmsal izinə də bağlanır. Bu isə münasibətlərdə nəzarət meylini gücləndirir və emosional yaxınlıq yerini monitorinqə verə bilir.

Müasir ailə modelində diqqət çəkən digər psixoloji dəyişiklik emosional asılılığın strukturunun dəyişməsidir. Sosial təsdiq ehtiyacı artıq yalnız ailə daxilində deyil, ictimai rəqəmsal mühitdə də ödənilir. Bu isə tərəflər arasında emosional prioritetlərin bölünməsinə səbəb olur. Bəzən fərd üçün sosial mediada aldığı reaksiya ailədaxili emosional münasibətdən daha güclü təsir yarada bilir.

Bütün bunlara baxmayaraq sosial şəbəkələrin təsiri yalnız destruktiv deyil. Onlar ailə üzvləri arasında distant əlaqələri gücləndirə, emosional paylaşım imkanlarını artıra və sosial dəstək şəbəkələrini genişləndirə bilir. Lakin bu mühit sağlam münasibət modeli ilə istifadə olunmadıqda müqayisə, şübhə və emosional gərginlik kimi psixoloji risk faktorlarını aktivləşdirir.

Nəticə etibarilə sosial şəbəkələr ailə münasibətlərinin mahiyyətini dəyişdirir. Münasibətlər artıq yalnız iki insanın emosional dinamikası deyil, həm də onların rəqəmsal davranışlarının interpretasiyası üzərində qurulur. Bu isə müasir ailə modelində güvən, yaxınlıq və qısqanclıq anlayışlarının yeni psixoloji məzmun qazanmasına səbəb olur”.

“Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Lent.az-a açıqlamasında bildirib ki, filtrli xoşbəxtlik sindromu insanların həyatına elə daxil olub ki, sosial mediada təqdim olunan ailə həyatı sanki reallığın seçilmiş hissəsidir:

Vətəndaş cəmiyyəti erkən nikahları hədəfə alıb

“Rəqəmsal dövr ailə münasibətlərinə yeni dinamika gətirib. Bu gün “Instagram”, “TikTok” və “Facebook” kimi platformalarda formalaşan “ideal ailə” obrazı milyonlarla insanın şüuruna təsir edir. Estetik görüntülər, problemsiz münasibətlər, bahalı istirahətlər və daimi “xoşbəxtlik” nümayişi sanki ailə həyatının standart modelinə çevrilir. Lakin sual yaranır, bu virtual ideal Azərbaycan ailə modelinə necə təsir göstərir?

Filtrli xoşbəxtlik sindromu insanların həyatına elə daxil olub ki, sosial mediada təqdim olunan ailə həyatı sanki reallığın seçilmiş hissəsidir. İnsanlar gündəlik problemləri, maddi çətinlikləri, fikir ayrılıqlarını deyil, daha çox uğurlu və xoş anları paylaşırlar. Nəticədə izləyicidə belə bir təsəvvür formalaşır ki, digərlərinin həyatı daha rəngli, daha harmonik və daha mükəmməldir.

Bu isə müqayisə psixologiyasını gücləndirir. Gənc cütlüklər öz ailə münasibətlərini sosial mediada gördükləri obrazlarla ölçməyə başlayırlar. “Biz niyə onlar kimi deyilik?” sualı ailədaxili narazılığın başlanğıc nöqtəsinə çevrilə bilir. Bu da müasir Azərbaycan ailə modelinə təsirsiz keçmir.

Azərbaycan ailə modeli tarixən kollektiv dəyərlərə, qarşılıqlı məsuliyyətə, səbirə və ailədaxili dəstəyə əsaslanıb. Ailə yalnız iki nəfərin münasibəti deyil, həm də sosial institut kimi qəbul edilib. Sosial media isə fərdiyyətçiliyi, şəxsi uğuru və zahiri göstəriciləri ön plana çəkir. Bu ziddiyyət bir sıra nəticələr doğurur. Belə ki, gözləntilərin süni şəkildə yüksəlməsi maddi imkanlarla uyğunlaşmayan həyat arzularına yol açır, ailə daxilində emosional narazılığın artmasına səbəb olur, zahiri görüntü məzmundan üstün tutulur. Beləliklə də, ailə münasibətləri daxili keyfiyyətlərdən çox xarici təqdimat üzərində qurulmağa başlayır. Həmçinin sosial şəbəkələr birbaşa konflikt səbəbi olmasa da, mövcud problemləri dərinləşdirə bilir. Cütlüklər arasında emosional uzaqlaşma, eyni məkanda olan həyat yoldaşlarının fərqli virtual aləmlərə qapılması, ünsiyyətin keyfiyyətini azaldılması prosesi baş verir. Virtual cazibə effekti artdıqca Sosial mediada təqdim olunan “ideal” insanlar real münasibətlərlə müqayisədə daha cəlbedici görünürlər. Bu isə məmnuniyyətsizlik yaradır”.

Sosioloq qeyd edib ki, “like”, izləmə və yazışmalar ailədaxili mübahisələrin qısqanclıq və nəzarət kimi səbəblərinə çevrilir:

“Problemlərin birbaşa həlli əvəzinə virtual dünyaya sığınmaq emosional məsafəni artırır, təcridolma sindromu yaradır. Bütün bu amillər ailədaxili konfliktləri sürətləndirən katalizator rolunu oynayır. Gənc ailələr üçün tövsiyələrimi bildirmək istərdim. İlk növbədə rəqəmsal sərhədlər müəyyən etmək lazımdır. Əgər ailə daxilində telefonsuz vaxtlar planlaşdırılarsa, qarşılıqlı səmimi münasibətlər güclənər. Müqayisədən tamamilə uzaqlaşaraq özü olmağa çalışmalısan. Hər ailənin öz inkişaf mərhələsi və reallığı var. Açıq ünsiyyət quraraq əvvəlki mehriban münasibətləri bərpa edərək aradakı məsafəni qısaltmaq vacibdir. Narazılıqları sosial mediada deyil, birbaşa bir-birinizlə müzakirə edin. Real emosional bağa yatırım edərək birgə fəaliyyətləri, səmimi söhbətləri virtual təsirlərdən qorumaq zəruridir. Əziz gənclər, rəqəmsal savadlılığı artırın ki, sosial medianın manipulyativ və kommersiya yönümlü tərəflərini dərk edəsiniz.  Nəticəyə gəlincə, sosial media müasir ailə həyatının ayrılmaz hissəsinə çevrilsə də, o, həm maarifləndirici, həm də dağıdıcı potensiala malikdir. Məsələ platformalarda deyil, onların necə istifadə olunmasındadır. Əgər ailə daxilində sevgi, hörmət və qarşılıqlı anlayış möhkəmdirsə, virtual “ideal” obrazlar real münasibətləri sarsıda bilməz. Unutmaq olmaz ki, xoşbəxt ailə filtrdən deyil, qarşılıqlı etimaddan və gündəlik zəhmətdən yaranır”.

Yazı Medianın İnkişafı Agentliyinin gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılmasımövzusunda dərc edilib.

Medianın İnkişafı Agentliyi — Vikipediya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1592

Oxşar yazılar