Mələkxanım Rəhimova
30 aprel 2026 17:00 (UTC +04:00)

Mələkxanım Rəhimova

Diqqət uğrunda mübarizə və sosial media dövründə tələbə olmaq

0

Müasir dövrdə tələbə olmaq yalnız kitab oxumaq, dərsi əzbərləmək, mühazirələr dinləyib və imtahanlarda iştirak etməkdən ibarət deyil. XXI əsrin tələbəsi eyni zamanda görünməz, lakin son dərəcə güclü bir mübarizənin içindədir – diqqət uğrunda mübarizənin. Bu mübarizə auditoriyalarda deyil, smartfon ekranlarında, sosial media lentlərində və sonsuz informasiya axını sistemlərində baş verir. Əgər əvvəllər bilik əldə etmək üçün səssizlik və fokus tələb olunurdusa, bu gün tələbələr diqqətlərini parçalamaq üçün yarışan onlarla rəqəmsal stimulun içində tədris yükünü öyrənməyə çalışırlar.

İnsan beyni uzun müddət eyni mövzuya fokuslanmaq üçün yaradılıb. Lakin sosial media platformalarının quruluşu – qısa videolar, sürətli keçidlər, ani reaksiyalar – beynin diqqət mexanizmini təmamilə dəyişir. Tələbələr artıq uzun mətnləri oxumaqda çətinlik çəkir, dərs zamanı tez-tez telefon yoxlama ehtiyacı hiss edir, hətta boşluq anlarında belə sakitliklərini qoruya bilmirlər. Bu, sadəcə vərdiş deyil, psixoloji bir transformasiyadır. Dopamin əsaslı mükafat sistemi tələbələri sürətli və asan zövqə yönləndirir. Nəticədə dərs oxumaq kimi daha çox səbr tələb edən fəaliyyətlər darıxdırıcı görünməyə başlayır, mühazirə oxuyan müəllim isə onalara dünyanın ən sıxıcı insanı təsiri bağışlayır. Bu damotivasiyanın azalmasına, diqqət dağınıqlığına və uzunmüddətli öyrənmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.

Digər tərəfdən, sosial mediada “ideal həyatlar”ın nümayişi tələbələrdə müqayisə sindromunu gücləndirir. “Mən yetərincə yaxşıyam?” sualı getdikcə daha çox gəncin daxili dialoquna çevrilir. Bu isə özünə inamın azalması, narahatlıq və hətta depressiya riskini artırır.

Bu gün sosial media yalnız fərdi psixologiyaya deyil, tələbənin sosial həyatına da təsir edir. Artıq tələbələr təkcə real həyatda deyil, virtual məkanda da “mövcud olmağa” məcburdur. Paylaşımlar, bəyənmələr, izləyici sayı – bunlar sosial statusun yeni ölçülərinə çevrilib. Bu vəziyyət tələbələr arasında gizli bir rəqabət yaradır. Kim daha aktivdir? Kim daha çox diqqət çəkir? Kim daha “uğurlu” görünür? Bu suallar çox zaman tələbələrin daxili dəyərlər sistemini dəyişir. Əsl inkişafdan daha çox, görünən saxta uğur ön plana çıxır.
Bununla yanaşı, sosial mediada yayılan informasiya bolluğu da problem yaradır. Hər kəs ekspert kimi danışır, hər fikir doğru kimi təqdim olunur. Tələbə isə bu informasiya xaosu içində doğru ilə yanlışı ayırmaqda çətinlik çəkir. Tənqidi düşünmə bacarığı bu dövrdə ən vacib alətlərdən birinə çevrilir.

Qeyd etmək lazımdır ki, mövcud təhsil modeli uzun müddət sabit qalıb: müəllim danışır, tələbə dinləyir, tələbə evə gedib dərsi əzbərləyir, ertəsi gün gəlim əzbərlədiklərini müəllimə danışır. Lakin sosial media dövrünün tələbəsi artıq bu modelə uyğunlaşmaqda çətinlik çəkir. O, interaktivlik istəyir, vizual öyrənməyə üstünlük verir, sürətli və konkret məlumat axtarır. Bu reallıq müəllimləri də yeni yanaşmalar axtarmağa məcbur edir. Sadəcə məlumat ötürmək kifayət etmir. Tələbənin diqqətini cəlb etmək, onu prosesə cəlb etmək və düşünməyə sövq etmək əsas məqsədə çevrilir. Əks halda, ən maraqlı mövzu belə sosial media lentində itən bir paylaşım kimi diqqətdən kənarda qala bilər.

Bu mənzərə ilk baxışda pessimist görünə bilər. Lakin məsələ sosial medianın mövcudluğu deyil, onun düzgün istifadəsi və təhsildəki mütənasibliyi pozmamasıdına çalışılmasıdır. Hətta sosial media özü belə düzgün yanaşma ilə güclü bir təhsil alətinə çevrilə bilər. Onlayn kurslar, maarifləndirici platformalar, elmi kontentlər – bunlar tələbənin inkişafına töhfə verə bilər. Əsas məsələ balansdır. Tələbə öz diqqətini idarə etməyi öyrənməlidir. Rəqəmsal gigiyena anlayışı burada ön plana çıxır: ekran vaxtının məhdudlaşdırılması, bildirişlərin azaldılması, fokuslanma texnikalarının tətbiqi. Bu, yalnız fərdi məsuliyyət deyil, həm də təhsil sisteminin və ailənin dəstəyi ilə mümkün olur.

Müəllimlər isə bu prosesi qadağalarla deyil, maarifləndirmə ilə idarə etməlidirlər. Tələbəyə sosial medianın risklərini göstərməklə yanaşı, onun imkanlarını da tanıtmaq vacibdir. Çünki bu nəsil üçün texnologiya seçim yox, reallığın özüdür.

Müəllimlər hər gün auditoriyaya daxil olarkən tələbələrin gözündə iki fərqli dünya görürlər: biri real, digəri isə ekranların içində yaşayan. Müəllim danışarkən bəzən hiss edir ki, sözləri havada qalır, tələbənin diqqəti isə səssizcə telefon ekranlarına doğru sürüşür.

BU, TƏLƏBƏNIN GÜNAHI DEYİL - BU, DÖVRÜN REALLIĞIDIR.

Amma müəllimin əsas vəzifəsi bu reallıqla mübarizə aparmaq yox, onu anlamaq və ona uyğunlaşmaqdır. Əgər diqqət uğrunda mübarizə gedirsə, müəllim bu mübarizədə passiv qala bilməz.

MÜƏLLİM DIQQƏTİ TƏLƏB ETMƏLİ DEYİL – ONU QAZANMALIDIR.

Belə ki, ilk növbədə dərsi “məlumat ötürməkdən” çıxarıb “təcrübəyə” çevirmək lazımdır. Çünki bu gün tələbə artıq sadəcə dinləmək istəmir. O, hiss etmək, iştirak etmək, özünü prosesin içində görmək və hadisələri özü mühakimə etmək istəyir. Müəllim dərsi monoloq kimi qurduqda diqqət itir. Amma sual verəndə, müzakirə açanda, tələbəni fikrini deməyə çağıranda tələbədə diqqət oyanır. Bəzən mən dərsin ortasında mühazirə prosesində dayanıb soruşuram: “Siz bu vəziyyətdə nə edərdiniz?” Bu sadə sual belə auditoriyanı oyadır. Çünki tələbə artıq dinləyici yox, iştirakçı olur.

Nəzərə almaq lazımdır ki, sosial media dövründə diqqət müddəti qısalıb. Bu, acı həqiqətdir. Ona görə də pedaqoqlar uzun-uzadı izahlar əvəzinə fikir daha konkret, daha yığcam çatdırmağa çalışımalı, konkret kazuslar üzərində həyati misallarla izah etməlidirlər. Bir mövzunu 40 dəqiqə izah etməkdənsə, onu 10 dəqiqədə əsas məğzi ilə verib sonra müzakirəyə keçmək daha effektlidir. Çünki diqqət fasiləsiz deyil, dalğalar halında işləyir. Tələbənin bəzən səssizcə, özünün özünə ən çox verdiyi sual budur: “Bu mənə nə verəcək?” Əgər müəllim bu suala cavab verə bilmirəmsə, tələbənin diqqətini dərs sonunadək itirir. Mövzunu həyatla bağlayanda – real nümunələr gətirəndə, aktual hadisələrə toxunanda, tələbə dərsin içində özünü görməyə başlayır. O zaman dərs mövzusu abstrakt bilik olmur, şəxsi təcrübəyə çevrilir.

Dərs ərzində tələbəyə telefonu qadağan etmək asandır, amma bu, problemi həll etmir. Müəllim texnologiyanı dərsin bir hissəsinə çevirməyə çalışmalıdır. Bəzən dərs prosesində tələbələrdən  istənən mövzu ilə bağlı qısa araşdırma və ya onlayn platformalarda fikir mübadiləsi dərsin mənimsənilməsində çox effektiv nəticə verir.

ƏGƏR TƏLƏBƏ ONSUZ DA EKRANA BAXACAQSA, QOY O EKRAN ÖYRƏNMƏYƏ XİDMƏT ETSİN.

Mübarizə aparmaq əvəzinə istiqamət vermək daha effektivdir.

Diqqət təkcə intellektual deyil, emosional prosesdir. Tələbə müəllimi hiss etmirsə, onu dinləmir. Müəllim bəzən şəxsi təcrübəsini bölüşməli, səhvlərindən danışmalı, uğursuzluqlarını gizlətməməlidir. Bu, onu “uzaq müəllim”dən “insan müəllim”ə çevirir. O zaman tələbə də açılır. Diqqət isə məcburiyyət yox, maraq nəticəsində yaranır. Bəzən isə diqqəti cəlb etməyin ən güclü yolu danışmamaqdır. Auditoriyada qısa bir sükut yarananda tələbələr başlarını qaldırır. Bu, gözlənilməzdir və diqqəti oyadır. Hər şeyi sözlə doldurmaq lazim deyil. Sükut da mesajdır. Eyni zamanda dərs ərzində tələbəyə də məsuliyyət verilməlidir. Kiçik təqdimatlar, qrup işləri, müzakirələr – bunlar tələbəni passivlikdən çıxarır.

Bu gün tələbənin diqqəti dəyişibsə, müəllim də dəyişməlidir. Köhnə üsullarla yeni nəsli anlamaq mümkün deyil. Müəllim özünü daim yeniləməlidir – təkcə bilik baxımından yox, yanaşma baxımından da. Diqqət uğrunda mübarizə əslində əlaqə uğrunda mübarizədir. Sosial media dövründə tələbə olmaq əvvəlki nəsillərlə müqayisədə daha çətin və daha mürəkkəbdir. Bu, yalnız akademik bilik deyil, həm də psixoloji dayanıqlıq, sosial şüur və hüquqi savadlılıq tələb edir. Diqqət uğrunda mübarizə əslində gələcək uğur uğrunda mübarizədir. Kim diqqətini idarə edə bilirsə, o, məlumatı daha yaxşı mənimsəyir, daha düzgün qərarlar verir və daha sağlam həyat qurur. Bu günün tələbəsi sadəcə öyrənən deyil, eyni zamanda seçən, süzgəcdən keçirən və qərar verən bir fərddir. Onun qarşısında duran əsas sual isə budur:

“Mən diqqətimi kimə və nəyə verirəm?”

BU SUALIN CAVABI İSƏ YALNIZ TƏHSİLİN DEYİL, BÜTÖVLÜKDƏ HƏYATIN İSTİQAMƏTINİ MÜƏYYƏNLƏŞDİRİR.
 

 

Mələkxanım Rəhimova
Bakı Dövlət Universiteti Hüquq fakültəsi
İnsan hüquqları və informasiya hüququ UNESCO
kafedrasının müəllimi, təhsil üzrə ekspert

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar