Avropada son dəqiqə səyahətlərinə maraq sürətlə artır. Xüsusilə Şərqi Avropa, Baltikyanı və Balkan ölkələri turistlərin diqqət mərkəzinə çevrilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Travel Horizons hesabatına görə, turistlər ən çox Polşadan Albaniyaya qədər uzanan istiqamətləri seçirlər.
Siyahının lideri Qdansk olub. Bu şəhərdə bronların sayı illik müqayisədə 97 faiz artıb. Baltik dənizi sahilində yerləşən Qdansk turistləri Hanza dövrünə aid tarixi mərkəzi və Motlava çayı boyunca uzanan sahil xətti ilə cəlb edir.
İkinci yerdə Buxarest qərarlaşıb. Rumıniyanın paytaxtına maraq 71 faiz artıb. Şəhər art-deko üslubundan tutmuş kommunizm dövrü tikililərinə qədər müxtəlif memarlıq nümunələri ilə tanınır. Burada həmçinin dünyanın ən böyük parlament binalarından biri yerləşir.
Populyar istiqamətlər sırasında Krakov da var. Şəhərə turist axını 58 faiz artıb. Onun UNESCO siyahısına daxil edilən tarixi mərkəzi, Avropanın ən böyük bazar meydanlarından biri və Vavel kral qalası əsas cəlbedici məkanlardandır.
Kurort istiqamətləri arasında isə Albaniya Rivierası seçilir. Bu bölgəyə maraq 53 faiz artıb. İon dənizi sahilində yerləşən Ksamil, Saranda və Dhermi kimi məkanlar təmiz çimərlikləri, gecə həyatı və tarixi abidələrə yaxınlığı ilə seçilir.
Siyahını Riqa tamamlayır. Latviyanın paytaxtında bronlar 40 faiz artıb. Şəhər Dauqava çayı üzərində yerləşir və orta əsr memarlığını Avropanın ən böyük modern üslub kolleksiyalarından biri ilə birləşdirir.
Ümumilikdə, ekspertlər qeyd edir ki, turistlər artıq daha az izdihamlı, daha əlçatan və mədəni baxımdan zəngin istiqamətlərə üstünlük verirlər. Bu səbəbdən Şərqi Avropa və ona yaxın regionlar spontan səyahətlər üçün əsas seçimlərdən birinə çevrilir.