Bakıda ictimai nəqliyyatla bağlı problem həmişə olub və belə görünür ki, indiki yanaşma ilə bu məsələnin həlli mümkün deyil. Əlbəttə, yeni müasir avtobusların ictimai nəqliyyat sektoruna daxil olması ilə sərnişindaşıma sahəsində xeyli müsbət addımlar atılıb. Buna baxmayaraq, sərnişinlərin demək olar hər gün üzləşdiyi problemlər qalmaqdadır. Bunu bütün marşrut xətlərinə aid etmək olarmı? Təbii ki, buna cavabı marşrutlardan istifadə edən sərnişinlərlə sorğu vasitəsilə ortaya çıxarmaq mümkündür.
Redaksiyamıza müraciət edən sərnişinlərdən biri konkret olaraq 205 saylı marşrut xəttindən şikayətini bildirib. Onun iddiasına görə, Bakıda bəlkə də sərnişinlərə ən böyük hötmətsizlik bu marşrut xəttinin xidməti, daha doğrusu, xidmətsizliyi ilə edilir.
Rəsmi məlumata görə, 205 saylı avtobus (Nəsimi m/st. - Abşeron ticarət mərkəzi) hər gün saat 05:30-dan 23:00-a dək fəaliyyət göstərir. BakuBus MMC tərəfindən idarə olunan avtobuslar təxminən 14-15 dəqiqəlik intervalla hərəkət edir və gediş haqqı 60 qəpik təşkil edir.
Bu marşrut xəttinə neçə avtobusun buraxıldığı bilinmir. Ancaq bilinən, həm də az qala hər gün sübut olunan fakt budur ki, 205 saylı marşrut xəttində avtobuslar 14-15 dəqiqəlik intervalla hərəkət etmir. Hərəkət intervalı ola bilsin ki, rəsmi məlumatda göstərilən kimidir. Çünki sərnişinlər bunun əksini iddia edirlər. Onların iddiasına görə, bəzən 30-35, hətta 45-50 dəqiqə dayanacaqda 205 saylı avtobus marşrutunu gözləməli olurlar.
14-15 dəqiqəlik interval əvəzinə 40-45 dəqiqəlik untervalı xidmət hesab etmək olarmı?
AYNA və BakuBus 205 saylı avtobus marşrutunun ləkəsini necə siləcək?
Xatırladaq ki, 205 saylı marşrut xətti Bakıda Nəsimi metrosu ilə Lökbatan Nəqliyyat Mübadilə Mərkəzini (NMM) birləşdirir. BakuBus MMC tərəfindən idarə olunan avtobuslar, Memar Əcəmi, İnşaatçılar metrosu, Şəhidlər Xiyabanı, İçərişəhər, Azneft və Bibiheybət ərazisindən keçməklə fəaliyyət göstərir.
Lent.az dəfələrlə 72 saylı marşrutla bağlı problemləri müvafiq qurumların diqqətinə çatdırıb. İnsafən, bəzi ciddi problemlər həll olunub. Amma sərnişinlərdən biri bu marşrutla bağlı daha bir problemin şahidi olub. Qeyd edilir ki, axşam saat 7-9-dən sonra xüsusilə Köhnə Günəşli istiqamətindən şəhərə doğru xətdə olan avtobusların sürücüləri dayanacaqlarda saxlamaq əvəzinə “ildırım sürətilə” sürüb gedirlər. Məsələn, fevralın 16-sı axşam saat 9 radələrində sərnişinlərdən birinin başına bu oyun (sözün həqiqi mənasında oyun) gəlib. Qadın sərnişin “Sahil” metro stansiyasının yaxınlığındakı dayanacaqda saxlaması üçün sürücülərin çox vaxt tələb etdiyi “Stop” düyməsini vurub. Lakin 99 JV 587 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücü dayanacaqda saxlamadan sürüb gedib.
Bu cür hallar həmin marşrut avtobusunda axşam saatlarında tez-tez baş verir. Səbəb sadədir: Köhnə Günəşli - “Sədərək” bazarı arası işləyən bu marşrutun işləmə saatı saat 20-00-a qədərdir. Sürücülər son reyslərini tez başa çatdırmaq üçün bəzən dayanacaqlara girməyə belə maraqlı olmurlar.
Bu, 72 saylı marşrut xətti ilə bağlı dərəbəyliyin son həddidirmi?