"Oğlunun ancaq meyitini  məndən ala bilərsən" - Ərini öldürməkdə  təqsirləndirilən qadının İŞİ
17 fevral 2026 16:27 (UTC +04:00)

"Oğlunun ancaq meyitini məndən ala bilərsən" - Ərini öldürməkdə təqsirləndirilən qadının İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid M.Q. təqsirləndirilən şəxsləri tanıdığını deyib:

"O qədər ürəyim qırılıb ki, bu ikisini görməyə gözüm yoxdur. Dünyada ən böyük dərd ata çiynində oğulun getməyi imiş. Nuranəni tanıyandan görürdüm ki, bunun iki gündən bir günü polisdə keçirdi. Dava edib Ədilin gününü qara edirdi ki, anana yaxın getmə, tələb edirdi ki, mənə aliment verməlisən. Gəlirdi binanın qabağında hay-küy salırdı, qonşuların yanında biabır olmuşduq. Oğlum bunun əlindən qapıma gəlmirdi. Heç şeytan da bu qadına yaxın gələ bilməzdi. Nuranə yoldaşım Rayaya deyirdi ki, oğlunun ancaq meyitini məndən ala bilərsən. Mən həmin gün işdə olmuşam, hadisədən qonşumun zəngindən sonra xəbər tutdum".

Şahid F. N. həmin ərazidə usta işlədiyini, həyətə çıxanda yerdə uzanmış adam gördüyünü deyib:

"Adam çox içkili idi, özündə deyildi. Ona su verdik, bir az özünə gəldi. Üstündəki telefona zəng gəldi. Götürdüm, dedim ki, zəng etdiyiniz adam uzanıb qalıb, çox içkilidir. Daha sonra bir qadın da zəng etdi. Sonra bir oğlan gəldi. Maşın olmadığından adamı əl arabasına uzadıb evinə apardıq. Yoldaşı su içirdi. Kurtkasını çıxardıq. Köynəyini də çıxaranda gördük ki, bədəni qan içindədir. Mən sonra evə getdim. Çox keçmədi ki, polislər gəldi, məni bölməyə apardılar".

Şahid O.R. yaşadığı evdən çıxanda Ədil Məhərrəmovu gördüyünü bildirib:

"Divarın dibində uzanıb qalmışdı. Yaxınlaşıb tərpətdim ki, burada niyə uzanmısan? Güclə cavab verdi ki, dəyməyin mənə, yuxum gəlir. Səbuhini köməyə çağırdım. Mən əməliyyatlı adamam, onu qaldırmağa gücüm çatmazdı. Odur ki, rəhmətliyi əl arabasına qoyub evinə apardıq".

Növbəti proses 3 mart saat 16:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci il  aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmov Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qətlə yetirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq aparılıb. Cinayət işi üzrə mərhumun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar