Kanalizasiyaya düşüb ölən Cümşüdün anası: “Qaynım dedi ki, oğlunu çıxart apar  o qəbirdən”
17 fevral 2026 12:36 (UTC +04:00)

Kanalizasiyaya düşüb ölən Cümşüdün anası: “Qaynım dedi ki, oğlunu çıxart apar o qəbirdən”

0

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilən Azər Cümşüdov ötən prosesdən sonra zərərçəkənin hüquqi varisinin ifadəsindəki bir neçə məqamın yanlış olunduğunu, mərhumun əmisinin Novxanıdakı evində yeyib-içmək deyil, 2000-3000 nəfərin iştirakı ilə mərhuma 3 mərasimi keçirildiyini vurğulayıb.

Daha sonra məhkəmə zərərçəkənin hüquqi varisi Fəridə Abbasovanın ifadəsi ilə davam edib. O hadisə baş verən günü oğlunun evdə olduğunu bildirib:

"Həmin gün 26 iyun -  ordu günü idi. Cümşüd özü də hərbiçidir. O gün evdə idi, günortaya qədər istirahət etdi. Mən də bayram süfrəsi açmaq, yemək hazırlamaq üçün hazırlıq görürdüm. Çatışmayan ərzaqlar oldu, Cümşüddən xahiş etdim ki, mağazaya getsin. Yuyunub geyindi, evdən çıxdı. Saatlar keçdi, Cümşüd qayıtmadı. Bu ondan görünməyən iş idi. Çünki o çox diqqətli idi, məni heç vaxt nigaran qoymazdı. Dəfələrlə zəng etdim, səs mesajları göndərdim, heç birinə geridönüş etmədi. Nigarançılıqdan ürəyim sıxılırdı, nə edəcəyimi bilmirdim. Dostlarına zəng etdim, dedilər ki, bu gün onu görməyiblər. Hamımız onu axtarmağa başladıq, mən "102" xidmətinə zəng vurdum. Oradan mənə dedilər ki, niyə indiyə kimi zəng etməmişəm. Artıq qayınlarım hamısı həyətdə idilər. Zəng elədilər ki, Nərimanov prokurorluğuna gələk. Həyətə çıxanda gördüm ki,  qaynımgil ağlayırlar. Ürəyim qırılıb ayağımın altına düşdü. Allah düşmənimə də o anda hiss elədiklərimi çəkməyi nəsib eləməsin. Hadisə yerinə getdik hamımız. Ərazidə 70-ə yaxın fəhlə var idi. Axtarış üçün Azərsu, FHN bütün texnikaları hadisə yerinə cəlb etmişdilər. İki gün davam elədi axtarış. Zəng elədilər ki, cəsəd tapılıb, Hövsana getmək lazımdır. Morqun qabağında qaynımın oğluna dedim ki, hər nə lazımdırsa, özüm ödəyəcəm. Badamlıq mərasim evində ayın 30-da üç mərasimi olmalı idi. Qaynım da  mənimlə məsləhətləşmədən mərasimi ayın 1-nə salmışdı. Qaynımın oğlu Emil gəldi ki, bibi, "Azərsu"nun işçiləri bizdədirlər, gəl gedək bizə. Razılaşmadım. Emin dedi ki, yasa görə 30 000 pul verilib, o da yas xərclərinə sərf olunacaq. O dedi ki, əgər gəlməsən, bu gündən nə səni, nə də qızını tanımırıq. Mən özümü çox pis hiss elədim, halım qarışdı. İntiqam müəllim kimdirsə, bura gəlsəydi, sözümü ona deyərdim. Xəbər göndərmişdi ki, ana icazə versin gəlib əlini öpək, qəbirüstünü götürək. Həyat yoldaşım rəhmətə gedəndə, o yeri qaynım almışdı. Mübahisələrimiz yaranandan, mən məsələni ictimailəşdirəndən sonra qaynım mənə dedi ki, oğlunu çıxart apar o qəbirdən. Bu sözlər ürəyimə dağ basdı. Mən aparıb o pulu onun özünə qaytardım. Mənim bunları ictimailəşdirməyim qaynımın xoşuna gəlmirdi. Qardaşıma deyib ki, qurtar şikayət etməyi, qadınsan, qadın yerində otur. Hadisə baş verən yerlə evimizin arasında xeyli məsafə var. Cümşüd orada nə edirdi, bu mənə də maraqlıdır. "Azərsu"dan bu günə kimi bir nəfər mənə zəng edib təsəlli, başsağlığı verməyib, amma nə hikmətdirsə, qaynımla mütəmadi əlaqədədirlər".

Şahid Ə.Y Baş Su Kanal İdarəsinin təmir-tikinti idarəsinin rəisi olduğunu bildirib:

"Mən ilkin istintaqdakı deyil, burada verdiyim ifadəni təsdiq edirəm. Orada ifadəmi oxumadan imzalamışam, etiraf edirəm ki, bu mənim səhvimdir. Hadisənin necə baş verdiyini bilmək istəyirlərsə, ərazidəki kameraları açıb-töksünlər".

Növbəti proses 3 mart saat 10:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar