Bakı metrosunun bağlanmasının səbəbləri AÇIQLANDI
21 aprel 2026 16:21 (UTC +04:00)

Bakı metrosunun bağlanmasının səbəbləri AÇIQLANDI

0

Bakı metrosunda bugünkü hadisə baş verən anda xətdə 30 qatar olub, onlardan cəmi 4-ü tuneldə qalıb və sərnişinlərin təxliyəsi Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib.

Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hər hansı sərnişin şikayəti, hər hansı sərnişinin özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb:

“Bununla belə, Bakı Metropoliteni bununla əlaqədar preventiv tədbirlər görüb. Hadisənin araşdırılması yaxın günlərdə tam və müfəssəl şəkildə təmin olunacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

B.Məmməsov qeyd edib ki, Metropolitenin xətlərinə gərginliyin bərpa olunması saat 14:00 radələrində təmin olunub, daha sonra saat 15:00-a qədər Bakı Metropoliteni xətlərində qatarların hərəkətinin tənzimlənməsi və yoxlanılması tədbirləri həyata keçirilib və saat 15:30-dan etibarən sərnişin qəbulu başlanıb:

“Hazırda Bakı Metropoliteni normal qrafik üzrə hərəkət cədvəlinə uyğun fəaliyyətini davam etdirir, bütün stansiyalar istisnasız olaraq sərnişinlərə xidmət göstərir.

Ümumiyyətlə, bu hadisə ilə bağlı Bakı Metropoliteninin araşdırmasının tam şəffaf şəkildə aparılacağını bir daha qeyd edirəm. Bu hadisənin təkrarlanmaması üçün xüsusi diqqət yetiriləcək və artıq bununla bağlı ilkin tədbirlər üzrə tapşırıqlar verilib”.

B. Məmmədov onu da əlavə edib ki, baş vermiş hadisə zamanı yanğın qeydə alınmayıb:

"Qısaqapanmanın texniki xarakteri də bundan ibarətdir ki, onun nəticəsində bütün mühafizə sistemləri, eyni zamanda tunellərimizdə olan rele mühafizə sistemləri vaxtında işə düşüb və bunun nəticəsində hər hansı hadisə baş verməyib. Hətta bu hadisə nəticəsində hər hansı yanğın və ya digər fəsadın baş verməsi qeyri-mümkün olub”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, sərnişinlərin sağlamlığı və təhlükəsizliyi baxımdan Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb. Hadisə zamanı insan itkisi olmayıb.

O bildirib ki, ilk növbədə bütün stansiyalarda istisnasız olaraq sərnişin axınının və sərnişin hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq təlimatlar verilib, sərnişinlərin rahatlığı üçün onların müraciətlərinə diqqət edilməsinə xüsusi önəm verilib:

“Bundan əlavə olaraq, dərhal texniki araşdırmalara başlanılıb. İlkin verdiyim məlumat budur, amma bütün məsələlər texniki müstəvidə xüsusi qaydada araşdırılacaq, bütün versiyalar təhlil ediləcək. Bakı Metropoliteni üçün həmişə olduğu kimi, bugün də texniki məsələlərin tam şəffaf və açıq şəkildə ictimaiyyətə bildirilməsi prioritet vəzifə olaraq qalacaq”.

***

Bu gün təxminən saat 12:10-da Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb.

Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, "Bakı Metropoliteni" qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar