Araşdırma göstərir ki, iqtisadi təzyiq və zəif sosial sistemlər səbəbindən orta yaşlı insanların stress səviyyəsi artır və sağlamlıqları pisləşir.
Lent.az xarici mediaya istinadən xəbər veir ki, bu gün orta yaş cəmiyyətin strukturunda mərkəzi yer tutur: bu dövrdə insanlar həm karyera qurur, həm uşaqlar böyüdür, həm də çox vaxt yaşlı valideynlərinə qayğı göstərirlər.
Bu isə onları nəsillər arasında birləşdirici halqaya çevirsə də, eyni zamanda yükü daha da artırır.
Zaman keçdikcə bu yük daha da ağırlaşıb. Təhsil, səhiyyə və uşaq baxımı xərclərinin artması, eləcə də əmək bazarındakı qeyri-sabitlik maliyyə sabitliyini daha çətin əldə olunan edir. Eyni zamanda həm işdə, həm də evdə tələblər artaraq davamlı təzyiq yaradır.
Genişmiqyaslı beynəlxalq araşdırma göstərir ki, bu gün orta yaşlı insanlar daha tez-tez tənhalıq hissi yaşayır, psixi sağlamlıqları pisləşir, yaddaş zəifləməsi və fiziki gücün azalması əlamətləri ilə qarşılaşırlar.
Alimlərin sözlərinə görə, bu fərqlər yalnız fərdi amillərlə deyil, həm də dövlət siyasəti ilə bağlıdır. Sosial dəstək, səhiyyə sistemi və gəlirlərin bölüşdürülməsi stress səviyyəsinə və həyat keyfiyyətinə birbaşa təsir edir.
Ailə dəstəyi proqramlarının inkişaf etdiyi ölkələrdə, o cümlədən ödənişli məzuniyyət və uşaq baxımı yardımı olan yerlərdə, orta yaşlı insanlar arasında tənhalıq səviyyəsi daha aşağı olur. Zəif sosial sistemlər isə maliyyə və psixoloji təzyiqi artırır.
Gəlir bərabərsizliyi də mənfi tendensiyaları gücləndirir: varlı və kasıb arasındakı fərqin böyük olduğu ölkələrdə daha çox tənhalıq və sağlamlıq problemləri müşahidə olunur.
Bundan əlavə, gündəlik həyat faktorları da mühüm rol oynayır. Orta yaşlı insanlar çox vaxt həm uşaqlara, həm də yaşlı valideynlərə eyni anda dəstək olurlar ki, bu da stressi artırır və şəxsi vaxtı azaldır. Borclar, maaşların artmaması və yığım imkanlarının məhdudluğu əlavə təzyiq yaradır.
Tədqiqatçılar həyat tərzinin də təsirini vurğulayırlar: fiziki aktivliyin az olması və xroniki xəstəliklərin artması vəziyyəti daha da ağırlaşdırır. Əksinə, sosial aktivlik və qrup fəaliyyətlərində iştirak sağlamlığı yaxşılaşdırmağa kömək edir.