Amerikalı tədqiqatçılar yeraltı strukturların mümkün aşkarlandığını bildiriblər və onların Nuhun gəmisi ilə bağlı bibliya təsvirlərinə uyğun gələ biləcəyini ehtimal edirlər. Söhbət DuruPınar formasından gedir. Bu ərazi Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşir. Tədqiqatın nəticələri barədə “Daily Mail” məlumat yayıb.
Lent.az xəbər verir ki, “Noahs Ark Scans” layihəsinin komandası obyektin strukturunu öyrənmək üçün georadardan istifadə edib və səthin altında nizamlı boşluqlar şəbəkəsi aşkar edib.
Tədqiqatçı Endryu Consun sözlərinə görə, aşkar olunan dəhlizlər böyük mərkəzi sahəyə doğru birləşir və bu sahə atriuma bənzədilir. Bu quruluş müəlliflərin fikrincə, gəminin bir neçə daxili bölmədən ibarət olması ilə bağlı təsvirlərə uyğun gələ bilər.
Əlavə məlumatlar infraqırmızı termoqrafiya vasitəsilə əldə olunub və bu da ətraf süxurlardan fərqlənən gizli strukturların mövcudluğunu göstərib. Daha əvvəl, 2024-cü ildə tədqiqatçılar altı metrə qədər dərinlikdə bucaqlı obyektlər qeydə almışdılar ki, bu da yeraltı boşluqların olmasına işarə edə bilər.
Torpaq analizləri kaliumun yüksək səviyyədə olduğunu göstərib. Bu isə üzvi materialların, o cümlədən ağacın parçalanması ilə əlaqəlidir. Bundan əlavə, bitki örtüyündə fərqlər müşahidə olunub: formasiya daxilindəki otların rəngi ətraf ərazilərdən seçilir ki, bu da torpaq tərkibinin dəyişməsi ilə izah olunur.
DuruPınar forması 1948-ci ildə güclü yağışlar və zəlzələlərdən sonra aşkar edilib. Onun ölçüləri və forması bibliya mətnlərində göstərilən parametrlərə bənzədiyi üçün uzun müddətdir müzakirə mövzusudur. Lakin geoloqların əksəriyyəti bu obyektin təbii mənşəli olduğunu düşünür.
Tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr hələlik süni mənşəni tam sübut etmir. Gələcəkdə onlar qazıntı işləri aparmağı və xüsusi kameralar vasitəsilə yeraltı boşluqları birbaşa araşdırmağı planlaşdırırlar.