Dadlı və şirəli ət bişirmək yemək hazırlayan hər kəsin arzusudur. Bir çox insan müxtəlif marinadlar, ədviyyatlar və kulinariya üsullarından istifadə etsə də, nəticə hər zaman istənilən kimi olmur. Halbuki əsas sirr düşündüyündən daha sadədir: əti düzgün vaxtda duzlamaq.
Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, duz sadəcə dad artıran vasitə deyil. O, ətin liflərinə təsir göstərərək onun daha yumşaq və şirəli qalmasına kömək edir. Ət düzgün duzlandıqda duz təbii şirələrin içəridə qalmasına yardım edir. Bu səbəbdən bişirmə zamanı ət qurumur və daha yumşaq alınır. Bundan əlavə, duz ətin liflərini müəyyən qədər yumşaldır. Nəticədə bişmiş ət daha zərif teksturaya malik olur.
Peşəkar aşpazların əsas sirrlərindən biri isə əti bişirmədən dərhal əvvəl deyil, əvvəlcədən duzlamaqdır. Əgər əti qızartma və ya sobaya vermədən təxminən 40-60 dəqiqə əvvəl duzlasanız, duz ətin daxilinə bərabər şəkildə hopur. İlk mərhələdə duz ətin səthinə bir qədər maye çıxarır. Lakin bir müddət sonra həmin maye duzla birlikdə yenidən ətin içinə çəkilir. Bu da həm dadı daha zəngin edir, həm də əti daha şirəli saxlayır.
Mütəxəssislər orta üyüdülmüş adi mətbəx və ya dəniz duzundan istifadə etməyi tövsiyə edirlər. Duz ətin bütün səthinə bərabər şəkildə səpilməli və yüngülcə ovuşdurulmalıdır. Əgər böyük ət parçası bişirilirsə, onu bir neçə saat əvvəl duzlayıb soyuducuda saxlamaq da olar. Bu üsul dadın daha yaxşı oturmasına kömək edir. Ən çox edilən səhvlərdən biri əti bişirmədən dərhal əvvəl duzlamaqdır. Bu zaman duz ətin içinə hopmağa macal tapmır və yalnız səthdəki mayeni çıxarır. Nəticədə ət quru alına bilər. Digər vacib məqam isə duzu normadan artıq istifadə etməməkdir. Məqsəd ətin təbii dadını vurğulamaqdır, onu tamamilə dəyişmək yox.