Vaxtı keçmiş  yumurtanı yemək olar?
30 may 2026 14:42 (UTC +04:00)

Vaxtı keçmiş yumurtanı yemək olar?

0

Bir çox insan yumurtaları soyuducuda saxlayır, lakin zaman keçdikcə onların nə qədər təzə qaldığını və nə vaxt istifadəyə yararsız olduğunu müəyyən etmək vacib olur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin Qida və Dərman Administrasiyasının məlumatına görə, qabıqlı və bütöv şəkildə soyuducuda saxlanılan yumurtalar təxminən üç həftə ərzində təhlükəsiz hesab olunur. Bununla belə, bəzi hallarda onlar qablaşdırmada göstərilən tarixdən sonra da istifadə üçün yararlı qala bilər.

Mütəxəssislər qeyd edirlər ki, son istifadə tarixi çox vaxt məhsulun keyfiyyət göstəricisini əks etdirir, təhlükəsizlik həddini deyil. Başqa sözlə, həmin tarix yumurtanın ən yaxşı xüsusiyyətlərini saxladığı dövrü göstərir, onun təhlükəli hala gəldiyi anı yox.

Təzə qoyulmuş və yuyulmamış yumurtaların üzərində təbii qoruyucu qat olur. Bu nazik təbəqə qabığın məsamələrini örtərək bakteriyaların daxil olmasının qarşısını alır. Buna görə belə yumurtalar otaq temperaturunda təxminən 2-4 həftə qala bilir.

Satış üçün nəzərdə tutulan yumurtalar isə adətən yuyulduğundan təbii qoruyucu təbəqə itir və bu səbəbdən emaldan sonra dərhal soyuducuda saxlanılır.

Qablaşdırma və saxlanma yeri niyə vacibdir?

Ekspertlər bildirirlər ki, yumurtaların saxlanıldığı qablaşdırma da mühüm rol oynayır. Qutu yumurtaları zədələrdən qoruyur, nəm itkisini azaldır və başqa qidaların qoxusunu çəkməsinin qarşısını alır.

Əgər orijinal qablaşdırma yoxdursa, yumurtaları alış tarixinin qeyd olunduğu hermetik konteynerdə saxlamaq tövsiyə edilir.

Soyuducuda saxlanma yeri də əhəmiyyətlidir. Mütəxəssislərə görə, soyuducunun qapısı temperatur dəyişikliklərinə daha çox məruz qaldığı üçün uyğun hesab edilmir. Ən yaxşı seçim daxili rəflər, xüsusilə orta və arxa hissədir.

Yumurtanın təzəliyini necə yoxlamaq olar?

Su testi

Yumurtanı soyuq su ilə dolu qaba qoymaq kifayətdir. Təzə yumurta dibə çökərək yan vəziyyətdə qalır. Köhnə yumurtada isə hava kamerası böyüdüyü üçün o dik dayanmağa və ya suyun səthinə qalxmağa başlayır. Bununla belə, üzməsi hər zaman xarab olması demək deyil, daha çox yaşını göstərir.

Qoxu testi

Yumurtanı ayrıca qaba qırmaq tövsiyə olunur. Təzə yumurtanın demək olar ki, qoxusu olmur. Kəskin, kükürdəbənzər pis qoxu isə məhsulun xarab olduğunu göstərir və belə yumurta atılmalıdır.

Xarici görünüşə diqqət

Mütəxəssislər bildirirlər ki, bulanıq yumurta ağı təzəlik əlaməti sayılır. Şəffaf ağ hissə daha köhnə yumurtaya işarə edə bilər, sarının üzərində kiçik qırmızı nöqtə təhlükəli deyil və təbii proseslə bağlıdır. Ağ hissədə zəif sarımtıl və ya yaşılımtıl çalar normal hesab olunur və vitaminlərlə əlaqələndirilir, çəhrayı və ya parlaq yaşıl rəng isə bakterial çirklənməyə işarə edə bilər və belə yumurtalar yeyilməməlidir.

Mütəxəssislərin fikrincə, qoxu və görünüş baxımından normal olan yumurtalar qablaşdırmada göstərilən tarixdən sonra da təxminən üç həftəyədək istifadə üçün yararlı qala bilər. Buna görə son istifadə tarixini sərt məhdudiyyət deyil, istiqamətləndirici göstərici kimi qiymətləndirmək tövsiyə olunur.

Şübhə yarandıqda yumurtanı tam bişmiş formada, məsələn, bərk qaynadılmış şəkildə istehlak etmək daha təhlükəsiz hesab olunur. Həmçinin alış zamanı qabıqda çat və zədə olub-olmadığını yoxlamaq vacibdir, çünki bu cür qüsurlar çirklənmənin içəri keçməsinə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar