Dayısını öldürüb 3 gün  meyiti ilə eyni evdə  yaşadı
29 may 2026 19:58 (UTC +04:00)

Dayısını öldürüb 3 gün meyiti ilə eyni evdə yaşadı

0

Türkiyənin Bursa şəhərində 60 yaşlı Cüneyt Taşkıran bacısı oğlu, 35 yaşlı Erdem Alay tərəfindən döyülərək öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 3 gün ərzində yaralı anası və dayısının meyiti ilə eyni evdə qalan Erdem Alayın spirtli içkinin təsiri altında taksi sürücülərinə dayısının öldüyünü deməsindən sonra üzə çıxıb. Taksi sürücülərinin məlumatı əsasında hüquq-mühafizə orqanları hadisədən xəbər tutub.

Hadisə mayın 23-də günorta saatlarında Türkiyənin Bursa şəhərinin Osmanqazi qəsəbəsində baş verib.

Cüneyt Taşkıran

60 yaşlı Cüneyt Taşkıran bir müddət əvvəl tək yaşadığı evinə bacısı 63 yaşlı Çiğdem Alayı və bacısı oğlu 35 yaşlı Erdem Alayı da gətirib.

İddiaya görə, həmin gün onlar birlikdə spirtli içki qəbul ediblər. Bir müddət sonra Erdem Alay anasına qarşı zorakılıq etməyə başlayıb. Bacısını qorumaq istəyən Cüneyt Taşkıranla Erdem arasında mübahisə yaranıb. Mübahisə zamanı Erdem Alay dayısını döyərək ölümünə səbəb olub.

Erdem Alay

Bundan sonra Erdem Alayın üç gün ərzində yaralı vəziyyətdə olan anası və dayısının meyiti ilə həmin evdə qaldığı bildirilir. Mayın 25-də o, məhəllədə yerləşən taksi dayanacağına gedərək dayısının evdə hərəkətsiz uzandığını deyib.

Taksi sürücülərinin məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları göndərilib. Evə daxil olan polis əməkdaşları Cüneyt Taşkıranın meyitini mətbəx qapısının qarşısında aşkar ediblər.

Çürüməyə başlayan meyit prokurorun baxışından sonra ekspertiza üçün Bursa Məhkəmə-Tibb İnstitutunun morquna aparılıb. Yaralanan Çiğdem Alay isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerində saxlanılan Erdem Alayın polisə verdiyi ifadədə ittihamları qəbul etmədiyi və son 12 gündə evdə olmadığını bildirdiyi qeyd olunub. Həmçinin narkotik asılılığı olduğu iddia edilən şəxsin daha əvvəl də anasına qarşı zorakılıq etdiyinə görə həbs olunduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar