Daim sarımsaq yemək orqanizmin vəziyyətini yaxşılaşdıra və bir sıra təhlükəli xəstəliklərin yaranma riskini azalda bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər sarımsağın maddələr mübadiləsinə və ürək-damar sisteminə təsiri ilə bağlı genişmiqyaslı elmi araşdırmaları təhlil etdikdən sonra bu nəticəyə gəliblər.
Tədqiqatçılar müəyyən ediblər ki, sarımsağı davamlı istifadə edən insanlarda qanda qlükoza səviyyəsi azalır. Bu isə maddələr mübadiləsinin daha effektiv tənzimləndiyini göstərir.
Bundan əlavə, “yaxşı” xolesterin kimi tanınan yüksək sıxlıqlı lipoproteinlərin (HDL) səviyyəsinin artdığı müşahidə olunub. Bu xolesterin damarları lövhələrin yaranmasından qorumağa kömək edir.
Eyni zamanda alimlər “pis” xolesterin hesab olunan LDL və ümumi lipid səviyyəsinin azalmasını qeydə alıblar.
Bu dəyişikliklər ürək-damar xəstəliklərinin, o cümlədən infarkt, insult və aterosklerozun profilaktikası baxımından mühüm hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, müsbət təsir sarımsağın unikal tərkibi ilə bağlıdır. Onun tərkibində güclü antioksidant xüsusiyyətlərə malik aktiv birləşmə olan alliin mövcuddur. Bu maddə hüceyrələrin zədələnməsi və xroniki xəstəliklərin inkişafının əsas səbəblərindən hesab olunan oksidləşdirici stresi azaltmağa kömək edir.
Sarımsaq həmçinin bağırsaq mikroflorasına müsbət təsir göstərərək faydalı bakteriyaların balansını dəstəkləyə bilər. Bu isə immun sisteminin fəaliyyətinə və ümumi sağlamlıq vəziyyətinə müsbət təsir edir.
Alimlər hesab edirlər ki, sarımsağın gündəlik qida rasionuna daxil edilməsi xüsusilə qan şəkərini nəzarətdə saxlamaq, xolesterini azaltmaq və ürək-damar sistemini təbii yollarla gücləndirmək istəyən insanlar üçün sadə və əlçatan üsul ola bilər.