Bəzən uzun-uzadı yemək hazırlamağa vaxt olmur, amma həm dadlı, həm də fərqli bir şey yemək istəyirik. Məhz belə anlarda lavaş pizzası ideal seçimdir. Cəmi 10 dəqiqəyə hazırlanan bu praktik resept az ərzaqla, evdə olan məhsullardan istifadə edərək xırtıldayan və çox ləzzətli pizza dadı əldə etməyə imkan verir.
Lent.az bu resepti təqdim edir:
Lazım olan ərzaqlar
1-2 ədəd nazik lavaş
2-3 x.q. ketçup və ya pizza/tomat sousu
150-200 q sürtgəcdən keçirilmiş pendir (mozarella və ya qarışıq pendir daha yaxşı olur)
1 kiçik kolbasa və ya bişmiş toyuq (istəyə görə)
4-5 dilim göbələk
Yarım bibər (rəngli olsa daha gözəl görünür)
Az miqdarda qarğıdalı və ya zeytun (istəyə görə)
Oreqano, qara istiot, azca pul bibər
Hazırlanması:
Sobanı 180-200°C-yə qədər qızdırın (tavada da etmək olar). Lavaşı soba listinə və ya tavaya yerləşdirin. Daha xırtıldayan olsun istəyirsinizsə, altına ikinci qat lavaş qoyun. Üzərinə nazik qat tomat sousu və ya ketçup yayın. Bir az pendir səpin bu, içliyin daha yaxşı yapışmasına kömək edir. Üzərinə doğranmış kolbasa/toyuq, bibər, göbələk, qarğıdalı və digər əlavələri düzün. Ən üstə bol pendir əlavə edin və oreqano səpin. Sobada 7-10 dəqiqə, pendir əriyib azca qızarana qədər bişirin. Tavada edirsinizsə, qapağı bağlayıb zəif odda 5–7 dəqiqə saxlayın. Lavaş pizzası yumşaq yox, xırtıldayan alınsın istəyirsinizsə, sousu çox etməyin və bişirməzdən əvvəl lavaşı 1 dəqiqə quru tavada azca qızdırın.