Cinayət   və fırıldaqçılıq haqqında  7 film
20 aprel 2026 16:48 (UTC +04:00)

Cinayət və fırıldaqçılıq haqqında 7 film

0

Cinayət hekayələri, böyük fırıldaqlar və gərgin qarşıdurmalar - məhz bu cür filmlər dəfələrlə yenidən izləmək istədiyimiz ekran işləridir. 90-cı illərdə və "sıfırıncı" illərdə janrın standartlarını müəyyən edən və bu gün belə müasir yeniliklərdən daha maraqlı görünən xeyli sayda film işıq üzü görüb.

Lent.az aktuallığını itirməyən və ilk dəqiqələrdən tamaşaçını özünə cəlb edən cinayət və fırıldaqçılıq haqqında 7 kult filmi təqdim edir.

Goodfellas

Qanqster Henri Hillin yüksəliş və eniş hekayəsi çoxdan kriminal kinosunun etalonuna çevrilib. Rejissor Martin Skorseze mafiyanı bəzəksiz-düzəksiz - bütün dəbdəbəsi, qəddarlığı və qaçılmaz nəticələri ilə göstərir.

Film əvvəldən sona qədər yüksək tempini qoruyur və hər bir qərarın bədəli olduğu kriminal dünyaya tam qərq olmaq hissi yaradır.

Catch Me If You Can

Bu, özünü gah pilot, gah da həkim kimi təqdim edərək illərlə xüsusi xidmət orqanlarını barmağına dolayan dahi fırıldaqçının hekayəsidir. Baş qəhrəman sadəcə qaçmır, o, hər addımı riskli olan mürəkkəb bir oyun oynayır.

Ekran işi yüngüllük, yumor və gərginliyi özündə birləşdirir, personajların xarizması isə onu bu janrın ən xoş filmlərindən birinə çevirir.

Public Enemies

Böyük böhran dövrünün əsl simvoluna çevrilmiş əfsanəvi bank qarətçisi Con Dillincer haqqında bəhs edən filmdir.

Bu, qaydalarla yaşamaqdan imtina edən bir insanla sistem arasındakı qarşıdurmanı anladan qeyri-adi bir cinayət hekayəsidir.

Heat

Cinayətkar və polis arasındakı qarşıdurmanı əks etdirən ən güclü filmlərdən biridir. Ekranda Al Paçino və Robert De Niro qarşı-qarşıya gəlir - bu, artıq filmi izləmək üçün kifayət qədər böyük səbəbdir.

Film gərgin bank qarəti səhnələri və standart ekşn çərçivəsindən kənara çıxan dərin xarakterləri ilə tanınır.

The Departed

Martin Skorsezeyə "Oskar" qazandıran daha bir şah əsər. Bu, polis əməkdaşının mafiya daxilində, cinayətkarın isə polis sıralarında "köstəbək" kimi fəaliyyət göstərdiyi ikili həyat hekayəsidir.

İntriqa sona qədər davam edir və hər bir personaj kimə etibar etmək barədə tamaşaçıda şübhə yaradır.

Inside Man

Bu qeyri-standart film, elə ilk andan qəribə görünən bir bank qarəti haqqındadır. Cinayətkarlar şablonlardan kənar hərəkət edirlər və bu, tamaşaçını finala qədər gərginlikdə saxlayır.

Film intellektual oyun, psixologiya və gözlənilməz dönüşləri birləşdirərək janrın ən maraqlı nümunələrindən biri olur.

Man on Fire

Digər adı "Alovlanmış adam" olan bu film, bir mühafizəçidən bəhs edir. O, qoruduğu uşağı xilas etmək üçün hər şeyi gözə alır və qisas yoluna çıxır.

Siyahıdakı digər filmlərdən daha emosional və sərtdir, lakin məhz bu xüsusiyyət onu bu qədər təsirli edir. Gərginlik hər səhnədə daha da artır, final isə filmi bitirdikdən sonra belə uzun müddət yaddaşlardan silinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar