Dolu, yağış  və küləkli hava  şəraiti meyvələrin qiymətinə təsir edəcək? -  Ötən illə müqayisədə...
20 aprel 2026 15:55 (UTC +04:00)

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək? - Ötən illə müqayisədə...

0

Havaların dəyişkən keçməsi kənd təsərrüfatına da ziyan vurub. Yaz aylarında intensiv yağış, dolu və qarın yağması ağacların çiçəklərini yerlə bir edib. Fermerlərin sözlərinə görə bu il məhsuldarlıq çox aşağıdır. Əvvəllər 10-15 kiloqram meyvə verən ağaclardan indi 1-2 kilo məhsul gözlənilir.

Bəs görəsən, bu hal mövsümi yay meyvələrinin qiymətinin bahalaşmasına səbəb olacaqmı? Ötən illə müqayisədə qiymət artımı gözlənilirmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Lent.az-a açıqlamasında bildirilib ki, qiymət artımı gözlənilir:

Azərbaycanda ət niyə kəskin ucuzlaşdı? – Səbəb açıqlandı - Globalinfo.az

“Qiymət artımı gözlənilir və və bu, yeni bir hal deyil. Meyvə bahalaşmasının əsas amillərindən biri məhz hava şəraitidir: bir çox rayonlarda dolu vurması, çürümə və yığım prosesindəki problemlər meyvənin həcmini azaldır.

Bundan əlavə, Azərbaycanda daxili istehsalın həcmi o qədər çox deyil ki, həm ixracı artırsın, həm də yerli bazarı tam təmin etsin. Rusiya bazarına ixrac artdıqca daxili bazarda qiymətlər də dərhal yüksəlir.

2024-2025-cü illərin yay mövsümündə də oxşar hava problemləri yaşanmış, Bakı sakinlərinin şikayətinə görə gilas, albalı və ərik kimi meyvələrin qiyməti ötən ilə nisbətən təxminən iki dəfə artmışdı. Bu, çiçəklərin tökülməsi kimi problemlərin qiymətlərə nə qədər ciddi təsir edə biləcəyini göstərir.

Dolu və yağışın çiçəkləmə dövrünə düşməsi xüsusilə təhlükəlidir. Belə hallarda gilas, ərik, şaftalı, gavalı kimi yay meyvələrinin miqdarı kəskin azalır. Qıtlıq olduqda satıcılar məhsulu daha yüksək qiymətə çıxarır. Rusiya və digər bazarlara ixrac davam etdikdə yerli çatışmazlıq daha da dərinləşir.

Bayramqabağı dövrlərdə qiymətlər həmişə yüksəlir; mövsüm zirvəsindən sonra isə müəyyən qədər enməsi gözlənilir. Lakin məhsuldarlıq əsasən aşağı olduqda bu eniş o qədər də əhəmiyyətli olmur.

Xülasə, əgər fermerlər çiçəkləmə dövründə ciddi ziyan görübsə, yay meyvələrinin qiymətlərinin ötən illə müqayisədə 30-40% baha olması ehtimalı real sayıla bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1092

Oxşar yazılar