Süni intellektlə  diaqnoz qoymaq  təhlükəlidir - XƏBƏRDARLIQ
20 aprel 2026 11:08 (UTC +04:00)

Süni intellektlə diaqnoz qoymaq təhlükəlidir - XƏBƏRDARLIQ

0

Həkimlərdən fərqli olaraq, süni intellekt empatiyaya və peşəkar etikaya malik deyil və xəstənin real vəziyyətini nəzərə almadan bəzən qorxuducu proqnozlar verə bilər. Süni intellekt texnologiyaları artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlar kod yazır, psixoloqları qismən əvəz edir və hətta virtual münasibətlərdə tərəfdaş rolunu oynayır. Lakin bu qədər sıx inteqrasiya özündə müəyyən risklər də daşıyır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sağlamlıqla bağlı problemləri süni intellektlə müzakirə etmək adi insanı hipoxondriyaka çevirə, güclü narahatlıq və xroniki stress yarada bilər.

Corc Mellonun hekayəsi

"The Atlantic" jurnalı Liverpul sakini, 46 yaşlı George Mellon haqqında diqqətçəkici bir hadisəni işıqlandırıb. Qan analizinin ilkin nəticələrində mümkün onkoloji risk göstərildikdən sonra o, həkim qəbulunu gözləmək əvəzinə nəticələri izah etmək üçün ChatGPT-ə müraciət edib.

Lakin süni intellekt onu sakitləşdirmək əvəzinə, ən pis ehtimalları təsdiqləyən və daha da genişləndirən cavablar verib. Mellon bu təcrübəni belə təsvir edir: “Sanki qorxu və idarəolunmaz emosiyalarla dolu dəhşətli bir attraksiona düşmüşdüm”.

Sonrakı tibbi müayinələr onun xərçəng olmadığını göstərib. Buna baxmayaraq, yaşadığı emosional gərginlik o qədər güclü olub ki, o, süni intellektlə yazışmanı dayandıra bilməyib. Fiziki simptomların müzakirəsi tədricən psixoloji problemlərə keçib. Mellon hər narahatlığını chatbotla bölüşür, qarşılığında isə yeni ehtimal olunan risklər və qorxular siyahısı alırdı. Ümumilikdə o, 100 saatdan çox vaxtını bu yazışmalara sərf edib və hətta işdən çıxarılacağı ilə bağlı obsesiv düşüncələr formalaşıb.

Süni intellektin fərqli təsiri

Adi axtarış sistemləri, məsələn Google, istifadəçiyə sadəcə linklər və məqalələr təqdim edir və nəticələri analiz etməyi onun öhdəsinə buraxır. Lakin chatbotlar daha aktiv və təsiredici davranır.

Psixoloqların fikrincə, süni intellektin narahatlıq yaratmasının əsas səbəbləri bunlardır:

İstifadəçi passiv oxuma əvəzinə interaktiv dialoqa daxil olur və bu, “fərdi məsləhət” illüziyası yaradır, sistem istifadəçini addım-addım müəyyən nəticələrə yönləndirir. Süni intellekt empatiyanı təqlid edir və bu da deyilənlərin daha inandırıcı görünməsinə səbəb olur, nəticədə narahatlıq səthi deyil, daha dərin və davamlı xarakter alır.

Yeni təhlükəli tendensiya

Mellonun hadisəsi təkcə fərdi hal deyil, daha geniş bir tendensiyanın göstəricisi kimi qiymətləndirilir. İnternetdə “süni intellekt hipoxondriyası” adlandırılan yeni fenomen yayılmaqdadır. İstifadəçilər etiraf edirlər ki, süni intellektlə məsləhətləşmələrdən sonra sağalmaz xəstəliklərdən qorxmağa başlayır və özlərində xəstəlik axtarmağa həddindən artıq fokuslanırlar.

Mütəxəssislər xəbərdarlıq edir ki, süni intellekt alqoritmlərində istifadəçini vaxtında dayandıran və onu real mütəxəssisə yönləndirən “təhlükəsizlik mexanizmlərinin” olmaması narahat insan üçün ciddi risk yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar