Dünyanın ən bahalı əşyalarından söz düşəndə insanların ağlına adətən nadir tablolar, ləl-cəvahirat və ya lüks avtomobillər gəlir. Lakin bunlar insanın yaratdığı ən nəhəng və bahalı layihənin yanında xırdalıq sayılır.
Lent.az xəbər verir ki, iqtisadçıların rəyinə görə, bəşər tarixinin ən baha başa gələn obyekti hər hansı bir muzeydə və ya şəxsi kolleksiyada deyil, düz başımızın üstündə, orbitdə dövr edir.
Söhbət bütün xərcləri və illərdir davam edən investisiyaları nəzərə alsaq, dəyəri bir trilyon dollardan çox qiymətləndirilən Beynəlxalq Kosmik Stansiyadan gedir. Bu astronomik məbləğ təkcə stansiyanın tikintisini deyil, həm də onlarla ölkənin iştirak etdiyi onilliklərlə sürən əməkdaşlığı, hər bir modulun milyardlarla dollar xərc çəkilərək kosmosa daşınmasını və illik milyardlarla dolları tapan texniki xidmət xərclərini əks etdirir.
Stansiyanın əsl dəyəri təkcə rəqəmlərlə ölçülmür, çünki o, Yer kürəsində aparılması mümkün olmayan unikal elmi təcrübələrin mərkəzidir. Burada çəkisizliyin insan orqanizminə təsiri öyrənilir, sənayedə tətbiq olunacaq yeni materiallar sınaqdan keçirilir və ən əsası, Ay və Mars kimi uzaq planetlərə gələcək uçuşlar üçün zəruri olan texnologiyalar sınaqdan çıxarılır.
Bəziləri kosmik layihələrin həddindən artıq baha olduğunu iddia etsə də, bu stansiyanın elmə və tibbə verdiyi töhfələri qiymətləndirmək çətindir. Yerdəki ən lüks binaların belə dəyərindən onlarla dəfə baha olan bu mühəndislik zirvəsi, sadəcə bir tikili deyil, bəşəriyyətin gələcəyinə və ulduzlara açılan qapısıdır.