İspaniyada 25 yaşında ölən Noeliya Kastilyo Ramosun hekayəsi artıq geniş ictimai rezonans doğurub. Tibbi yardımın sərhədləri, psixiatriya və insanın ölüm hüququ ilə bağlı kəskin müzakirələrə səbəb olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, qız Barselonada yaşayıb. Bir neçə il əvvəl, yeniyetmə yaşlarında o, qrup halında törədilmiş cinsi zorakılığa məruz qalıb. Bu travma onun həyatında dönüş nöqtəsi olub. Daha sonra Noeliya intihara cəhd edib, nəticədə ağır xəsarətlər alıb və qismən iflic vəziyyətində qalıb. Həkimlər ona paraplegiya, xroniki ağrı sindromu, həmçinin depressiya daxil olmaqla ağır psixi pozuntular diaqnozu qoyublar.
Uzun müddət ərzində qız dözülməz fiziki və mənəvi əzablar yaşadığını bildirir və evtanaziya hüququ əldə etməyə çalışırdı. O, qüvvədə olan İspaniya qanunvericiliyi çərçivəsində, ciddi şərtlər daxilində evtanaziyaya icazə verən qaydalara əsasən rəsmi müraciət etmişdi.
Lakin məsələ yalnız tibbi deyil, həm də hüquqi xarakter alıb. Noeliyanın atası buna qarşı çıxaraq məhkəməyə müraciət etdi və onun könüllü şəkildə həyatdan getmək hüququna qarşı çıxmağa çalışdı.
Məhkəmə prosesləri təxminən iki il davam etdi və bir neçə instansiyadan keçdi.
Nəticədə məhkəmələr qızın bu qərarı müstəqil şəkildə qəbul edə biləcək vəziyyətdə olduğunu tanıdı. Prosedurun dayandırılması ilə bağlı bütün cəhdlər rədd edildi və martın 26-da evtanaziya həyata keçirildi.
Bu hadisə son dövrlərdə İspaniyada ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə ağır psixoloji travma, əlillik və psixi pozuntuların eyni vaxtda mövcudluğu səbəbilə diqqət çəkib. Ekspertlər və ictimaiyyət arasında mübahisələr davam edir: pasiyentin müalicəsi üçün kifayət qədər addımlar atılıb-atılmadığı və onun vəziyyətinin həqiqətən geri dönməz olub-olmadığı sual altındadır.
Noeliya Kastilyo Ramosun hekayəsi cəmiyyət qarşısında yenidən mürəkkəb suallar qoyur: insanın seçim hüququ ilə sistemin onun həyatı uğrunda sonadək mübarizə aparmaq borcu arasında sərhəd haradan keçir? Bu gün tibb və psixoterapiya belə təcrübələr yaşamış insanlara kömək etmək üçün kifayət qədər imkanlara malikdirmi?
Bu faciə eyni zamanda cinsi zorakılığın uzunmüddətli nəticələrinə və zərərçəkənlərə vaxtında psixoloji yardım göstərilməsinin vacibliyinə bir daha diqqət çəkir.