Konfrans Liqasında mübarizə aparan daha bir Azərbaycan klubu yarışa start verib.
Lent.az-ın məlumatına görə, 3 ildən sonra avrokuboklara qayıdan “Qəbələ” Macarıstanda “Fehervar”ın qonağı olub.
II təsnifat mərhələsinin ilk oyunu meydan sahiblərinin təzyiqi ilə başlayıb. Müdafiədə etibarlı oynayan “Qəbələ” Rafael Utziqin qolu ilə hesabda önə keçməyi bacarıb.
Lakin təmsilçimizin üstünlüyü uzun sürməyib. Macarıstan klubu Kenan Kodronun qolu ilə hesabı bərabərləşdirib.
Bu qoldan ruhlanan meydan sahibləri daha böyük qüvvə ilə irəli atılıb. Lakin “Qəbələ”nin əks-hücumları da təhlükəli alınıb.
Amma “Fehervar” istəyinə çata bilib. 67-ci dəqiqədə Adrian Rus, 7 dəqiqə sonra ublunu rəsmiləşdirən Kodro qol sevinci yaşayıb.
Murad Musayevin qırmızı vərəqəsindən sonra azlıqda qalan “Qəbələ” daha bir top buraxıb. Budu Zivzivadze komandasına böyükhesablı qələbə qazandırıb – 4:1.
Qeyd edək ki, cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda baş tutacaq.