Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq Zaqreb “Dinamo”sunun rəqibi dəqiqləşib.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiya təmsilçisi qitənin ən mötəbər klub turnirində 2022/2023 mövsümünə “Şkupi” ilə start verəcək.
Şimali Makedoniya klubu bu hüquqa ilk mərhələdə “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdırmaqla yiyələnib. “Şkupi” cavab görüşündə 0:2 hesabı ilə uduzsa da, evdə 3:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlayıb.
İlk oyun iyulun 19-da Zaqrebdə, ikinci matç bir həftə sonra Skopyedə olacaq.