Alimlər “Üç muşketyor” əsərinin qəhrəmanı D.Artanyanın skeletini tapıblar. Arxeoloqlar hesab edirlər ki, Niderlandın Maastrixt şəhərində aşkar edilən qalıqlar Aleksandr Dümanın məşhur romanının baş qəhrəmanına aid ola bilər.
Lent.az “The Guardian”a istinadla xəbər verir ki, Niderlandın Maastrixt şəhərində bir kilsəni təmir edən işçilər 17-ci əsr qaskon zadəganı, daha çox D.Artanyan kimi tanınan Şarl de Bats-Kastelmoreyə aid ola biləcək bir skelet aşkar ediblər. Onun igidlikləri Aleksandr Dümanı “Üç muşketyor” romanında onu baş qəhrəman kimi təqdim etməyə ilhamlandırıb.
Həqiqi D.Artanyan Fransa kralı XIV Lüdovikin xidmətində olan casus muşketyor idi və 1673-cü ildə Maastrixt mühasirəsi zamanı həlak olub. Üç yüz əlli üç il sonra bu döyüşçünün harada dəfn edildiyi ilə bağlı uzunmüddətli sirr, kilsənin çökmüş döşəməsinin altında tapılan sümüklər sayəsində nəhayət ki, açılmış ola bilər.
Muşketyorun son istirahət yerini 28 il axtaran təqaüddə olan arxeoloq Vim Deykman, diakonun kilsədə skelet tapıldığını deməsindən sonra şəhərin Volder rayonundakı Müqəddəs Pyotr və Pavel kilsəsinə çağırılıb.

Diakon Yos Valke yerli “L1 Nieuws” telekanalına bildirib: “Kilsədə döşəmənin bir hissəsi çökdü və təmir işləri zamanı skelet aşkar etdik. Mən dərhal Vimi çağırdım, çünki o, 20 ildən artıqdır ki, D.Artanyan işi’ üzərində işləyir”.
Valke hesab edir ki, bir neçə sübut skeletin məşhur muşketyora aid olduğunu göstərir: “O, müqəddəs torpaqda, altarın altında dəfn olunub. Qəbirdə həmin dövrə aid fransız sikkəsi var idi. Onu öldürən güllə isə tarix kitablarında təsvir olunduğu kimi, döş qəfəsi səviyyəsində tapılıb. Çox güclü sübutlar var”.
Skelet kilsədən çıxarılıb və hazırda Deventer şəhərində yerləşən arxeoloji institutda saxlanılır.
Skeletdən martın 13-də götürülmüş DNT nümunəsi Münhendəki laboratoriyada analiz olunur. Daha sonra bu nümunə D.Artanyanın atasının nəslindən olan şəxslərin təqdim etdiyi DNT nümunələri ilə müqayisə ediləcək ki, uyğunluq olub-olmadığı müəyyən edilsin.
Fransız döyüşçü böyük şöhrəti ölümündən sonra, Aleksandr Düma 1844-cü ildə “Üç muşketyor” əsərini dərc etdikdən sonra qazanıb. Düma bu obraz üçün ilhamı 1700-cü ildə fransız əsgəri və yazıçısı Qatyen de Kurtill de Sandrasın yazdığı “Cənab D.Artanyanın xatirələri” kitabından alıb.