Payızın ilk ayı ekoloji bayramlarla zəngindir. Beləliklə, sentyabrın ikinci bazar günü Ümumdünya Durna Günü qeyd olunur.
Lent.az xəbər verir ki, həmin ekoloji təqvim ilk dəfə 2002-ci ildə ABŞ-da qeyd olunub.
Ümumdünya Durna Gününün qeyd edilməsi hər il keçirilən durnaların sayılması prosesi ilə üst-üstə düşür. Müxtəlif ölkələrdə bayramın özü durnalara həsr olunmuş festivallar, müsabiqələr və fotosərgilər, həmçinin payızda quşların toplaşdığı, hər kəsin onların sayılmasında iştirak edə biləcəyi yerlərə ekskursiyalarla müşayiət olunur.
Bu gözəl quşların ilk əcdadları dinozavrların dövründə, təxminən 40-60 milyon il əvvəl ortaya çıxdı. Durnaların tarixi vətəni Şimali Amerika hesab olunur, oradan ilk olaraq Asiyaya, sonra isə Afrika və Avstraliyaya köç ediblər. Hazırda durna populyasiyası Antarktida və Cənubi Amerika istisna olmaqla, bütün dünyada geniş yayılıb. Durnaların əsas qışlama yerləri İran və Qərbi Hindistandır. Ümumilikdə təxminən 15 növ durna var. Bəzi durna növləri "Qırmızı Kitab"a salınıb.
Durnalar bir vaxtlar ov quşları idilər. Lakin indi qanunla qorunurlar. Təəssüf ki, beynəlxalq təbiəti mühafizə və ornitoloji ictimaiyyətin etirazlarına baxmayaraq, bəzi ölkələrdə - məsələn, Əfqanıstan və Pakistanda köçəri durnaların ovlanması ənənəsi hələ də qorunub saxlanılır.
Azərbaycanda üç növ durnaya rast gəlinir: qəşəng durna, telli durna və ağ durna. Hər üç növ Azərbaycanın "Qırmızı kitab"ına salınıb.