Qış aylarında gözlərin yaşarması olduqca yayılmış haldır. Xüsusilə quru göz sindromu olan insanlarda bu problem daha tez-tez müşahidə edilir. Soyuq, quru və küləkli hava gözlərin reflektor göz yaşı ifraz etməsinə səbəb olur. Orqanizm bu yolla nəmlik çatışmazlığını kompensasiya etməyə çalışır. Hətta görmə problemi olmayan insanlarda belə, aşağı temperatur və külək buynuz qişanı qıcıqlandıraraq narahatlıq yaradır.
Gözləri necə qorumaq olar?
Lent.az bu barədə xarici mediaya istinadla ətraflı məlumat təqdim edir.
Daha çox göz qırpın
Yetkin insan orta hesabla dəqiqədə 15-20 dəfə göz qırpır. Lakin kompüter qarşısında uzun müddət işləyənlər üçün bu kifayət etmir. Mütəxəssislər tam və şüurlu şəkildə daha tez-tez göz qırpmağı tövsiyə edirlər. Bu, göz yaşı təbəqəsinin bərabər yayılmasına və qıcıqlanmanın azalmasına kömək edir. Həkimlər 20/20 qaydasını da məsləhət görür: hər 20 dəqiqədən bir gözlərinizi 20 saniyə bağlayın ki, təbii nəmlənmə baş versin.
Kifayət qədər maye qəbul edin
Orqanizmin susuz qalması göz quruluğunu artırır. Gün ərzində kifayət qədər su içmək vacibdir. Bundan əlavə, konservantsız nəmləndirici göz damcılarından istifadə etmək tövsiyə olunur. Əgər damcılardan gündə dörd dəfədən çox istifadə etməyə ehtiyac yaranırsa, oftalmoloqa müraciət etmək lazımdır.
Bəzi mütəxəssislər qida rasionuna kətan yağı əlavə etməyi də məsləhət görürlər. Bu, daxili nəmlənməni dəstəkləyərək həm gözlərə, həm də qışda quruyan dəriyə müsbət təsir göstərə bilər.
Otaqda rütubəti artırın
Quru otaq havası vəziyyəti daha da ağırlaşdırır. Yataq otağında və ya iş masası yaxınlığında hava nəmləndiricisi istifadə etmək selikli qişanın qurumasının qarşısını ala bilər.
Qışda da gün eynəyi taxın
Axıcı formalı gün eynəkləri gözləri soyuq küləkdən qoruyur və nəmin itirilməsinə qarşı əlavə baryer yaradır. Bundan başqa, ultrabənövşəyi şüalar buludlu havada belə gözlərə zərər verə bilər.
Daha nələrə diqqət etməli?
Qızdırıcı və ya kondisionerin isti havasını birbaşa üzünüzə yönəltməyin. Göz quruluğu hiss edirsinizsə, kontakt linzaların istifadəsini məhdudlaşdırın. Göz ətrafı dəri üçün zərif nəmləndirici vasitələrdən istifadə edin. Günəşdən qoruyucu krem çəkməyi unutmayın.
Əgər simptomlar davam edərsə, həkim fərdi müalicə planı təyin edə bilər. Mütəxəssislər xatırladır ki, oftalmoloq göz xəstəliklərinin kompleks müalicəsi ilə məşğul olur, optometrist isə əsas müayinələr aparır və görmə korreksiyası seçir.