Fransanın paytaxtı Parisdə sakinlər şəhərdə elektrikli skuterdən istifadə edilməsi ilə bağlı referendumda səs veriblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, seçicilərin 90 faizi skuterlərin qadağan edilməsini dəstəkləyib.
Paris 2018-ci ildə ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi axtararkən elektron skuterlərdən istifadəyə öncülük edən şəhərlərdən biri olub. Hazırda Fransada 2,5 milyon insan elektrik skuter xidmətindən faydalanır, halbuki bu nəqliyyat vasitələri Paris də daxil olmaqla 200-dən çox şəhərdə icarəyə götürülə bilər.
Bununla belə, skuterlərin geniş tətbiqi ilə qəzaların sayı da artıb. 2022-ci ildə Parisdə skuter qəzalarında 3 nəfər ölüb, 459 nəfər yaralanıb.
Bundan sonra, Paris Bələdiyyəsi ictimaiyyətə "Elektron skuterləri dəstəkləyirsiniz, yoxsa qarşısınız?" sualını verib. 200-ə yaxın yerdə sakinlər elektrikli skuter icarəsinə “hə” və ya “yox” demək üçün səs veriblər.
Paris Bələdiyyəsinin açıqladığı ilkin nəticələrə görə, Parisin 20 rayonundan 85,77 faizə 91,77 faiz skuterlərin qadağan edilməsinə səs verib.
Qeyd edək ki, elektrikli skuter son vaxtlar Bakıda daha çox istifadə olunur.