Pulumuzu süni intellekt xərcləsə,  nə baş verər? - Eksperiment
07 may 2026 17:57 (UTC +04:00)

Pulumuzu süni intellekt xərcləsə, nə baş verər? - Eksperiment

0

ABŞ-da fəaliyyət göstərən Anthropic şirkəti maraqlı bir eksperiment keçirib. Təcrübə çərçivəsində süni intellektə insan adından pul xərcləmək və alış-veriş razılaşmaları bağlamaq imkanı verilib. Nəticələr göstərib ki, süni intellekt ticarət aparmağı bacarsa da, verdiyi qərarlar hər zaman məntiqə uyğun olmur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, eksperiment üçün xüsusi olaraq “Project Deal” adlı virtual ticarət platforması yaradılıb. Burada süni intellekt agentləri şirkət əməkdaşlarını təmsil edərək onların adından məhsul alıb-sata biliblər. Ümumilikdə 69 əməkdaş təcrübədə iştirak edib və hər birinə 100 dollar büdcə ayrılıb. İştirakçılar satışa müxtəlif məhsullar – klaviatura, lampa, snoubord və tennis topları kimi əşyalar çıxarıblar.

Eksperiment zamanı Claude modeli əvvəlcə istifadəçilərlə “ünsiyyət quraraq” onların nə satmaq və nə almaq istədiyini, həmçinin qiymət gözləntilərini öyrənib. Daha sonra isə süni intellekt agentləri bir-biri ilə müstəqil şəkildə danışıqlar apararaq alqı-satqı razılaşmaları bağlayıblar.

Təcrübə ərzində 500-dən çox məhsul üzrə ümumilikdə 186 razılaşma həyata keçirilib. Şirkət bu nəticələrin süni intellektin gələcəkdə insanın rəqəmsal nümayəndəsi kimi marketpleyslərdə istifadə oluna biləcəyini göstərdiyini bildirib.

Bununla belə, nəticələr birmənalı olmayıb. İştirakçılar bağlanan razılaşmaların ədalətliliyini orta səviyyədə qiymətləndiriblər və bəzi qərarlar olduqca qəribə görünüb. Məsələn, süni intellekt agentlərindən biri satmalı olduğu eyni snoubordu yenidən özü alıb.

Şirkət nümayəndələri bildiriblər ki, bu hələlik tam formalaşmış biznes modeli deyil, daha çox eksperimental yanaşmadır. Bununla belə, nəticələr göstərir ki, gələcəkdə süni intellekt ticarət və maliyyə qərarlarının bir hissəsini öz üzərinə götürə bilər.

Ekspertlər isə diqqətə çatdırırlar ki, bu sahədə ciddi risklər də mövcuddur. Hazırda süni intellektin maliyyə əməliyyatları zamanı fəaliyyətini tənzimləyən aydın hüquqi mexanizmlər yoxdur və bu cür avtomatlaşdırma gələcəkdə həm istifadəçilər, həm də bazar üçün yeni problemlər yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar