Kollektorun üzərində tikilən ev ÇÖKDÜ,  əhali susuz və yolsuz qaldı - REPORTAJ
18 fevral 2026 15:56 (UTC +04:00)

Kollektorun üzərində tikilən ev ÇÖKDÜ, əhali susuz və yolsuz qaldı - REPORTAJ

0

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) maşınını görüb doğru yolla gəldiyimə əmin oluram. Qurumdan dünən axşamdan məlumat verilmişdi ki, Rəşid Bağırov küçəsi 36 ünvanında sular kəsiləcək və bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək. Səbəb? Elə onu deyib gəlmişik...

Lent.az adı çəkilən ərazidən reportajı təqdim edir.

Diametri 50 sm olan su xəttinin və 1.2 metr olan tullantı su kollektorunun üzərində ev tikilib. Bu evə görə, illərdir o borulara  texniki qulluq göstərilmir. Nəhayət, vaxtilə kiminsə gördüyü “işin” üstü sözün həqiqi mənasında açılıb. Hərə əlinə bir bidon götürüb su maşınına doğru gəlir. Növbə gözləyənlər kənarda dayanıb söhbət edirlər. Boruların olduğu yerə gəlirəm. Texnikalar yeri qazır, insanlar isə ətrafda topa-topa yığışıb görülən işlərə baxırlar. Evin alt hissəsi və yolun bir qismi çöküb.

Ev sahibi qapının ağzında dayanıb. Ona yaxınlaşıram.

- Evi özünüz tikmisiniz, ya almısız?
- Biz hazır ev almışıq. Haradan biləydik belə olacaq? 2013-cü ildə bir əmlakçıdan aldım. Bilsəydim, belə bir şey olacaq, bunu almazdım. 
- Tanıyırsız o əmlakçını?
-Yox, mən bilmirəm, yoldaşım alıb, o tanıyır. Bizə lazım idi bu müsibət?

Yol tamamilə bağlanıb, gediş-gəliş mümkün deyil.

ADSEA-nın rəhbəri Ceyhun Musaoğlu da buradadır. Məhəllə camaatı onun ətrafına yığışıb, suallar verirlər, o isə cavablandırır. Yaxınlaşıb açıqlama verməsini xahiş edirəm.

“Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evi tikilib. İstismarda olan hər iki şəbəkənin üzərində inşa edilmiş tikililin yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində içməli su xəttində qəza baş verib. Həmçinin yaşayış evinin altından keçən kanalizasiya xətti isə daha dərində yerləşir. Ehtimal olunur ki, yüklənmə nəticəsində öncə kanalizasiya kollektoru sıradan çıxıb, daha sonra su xəttinin zədələnməsinə də səbəb olub. Daha dəqiq nəticə dərinlikdə yerləşən kollektorun vəziyyətinin tam araşdırılmasından sonra məlum olacaq.

Xüsusilə diqqətə çatdıraq ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir. 

Baş verən vəziyyətlə əlaqədar hazırda içməli su xəttinin yeni xətlə əvəzlənməsi istiqamətində tikinti-bərpa işləri icra olunur. Görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək”.Ceyhun bəy bildirir ki, təmir işləri gecə də davam edəcək. 

Ev isə qəzalı vəziyyətdədir. Altında açılan yarığa insan rahatlıqla girə bilər. Lakin o yarıqdan da böyük olan bizim suallarımızdır. O evin tikilməsinə İcra Hakimiyyəti necə icazə verib? Ev sahibinə dəymiş zərəri ödəyən olacaqmı? İnsanların susuz qalmasına görə kim məsuliyyət daşıyacaq? Və sair və ilaxır…
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar