Kazino reklamı üçün bu qədər pul verdi - "Zevs"in qardaşının məhkəməsi
18 fevral 2026 15:46 (UTC +04:00)

Kazino reklamı üçün bu qədər pul verdi - "Zevs"in qardaşının məhkəməsi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə "Farmaniya.com" dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid. Ə.B təqsirləndirilən Hüseyn Quliyevi sosial şəbəkə vasitəsilə tanıdığını bildirib:

"Hüseynə instagram vasitəsilə yazıb pul qarşılığında kazino reklam işi görmək istədiyimi dedim. Bir reklam üçün mənə 100 manat məbləğ ödədi. E- money-ə pulu kimin yüklədiyindən xəbərim yoxdur".

Növbəti proses 11 marta təyin olunub.

Xatırladaq ki, ötən ilin sentyabr ayında ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən "Farmaniya.com" platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək "Farmaniya.com" saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.

Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.

H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib", - deyə məlumatda qeyd olunub.

Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Hüseyn Quliyev "Zevs" ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar