Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Parlamentarası Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması prosesini aktivləşdirməyə və atəşkəsi tezliklə bərpa etməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə MDB Parlamentarası Assambleyası Şurasının sədri, Federasiya Şurasının spikeri Valentina Matviyenkonun bəyanatında bildirilir.
“MDB Parlamentarası Assambleyası Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından və onlarla insanın ölümündən ciddi narahatdır... MDB Parlamentarası Assambleyası maraqlı tərəfləri təkidlə təmkinlilik göstərməyə və atəşkəsin bərpa olunması üçün bütün mümkün addımlar atmağa çağırır”.
MDB Parlamentarası Assambleyası problemin istisna olaraq dinc yolla həllinin tapılması prosesinin aktivləşdirilməsini və münaqişə tərəfləri arasında konstruktiv dialoqun qurulmasını dəstəkləyir.
Matviyenko xatırladıb ki, atəşkəsin tətbiq edilməsinə dair Bişkek protokolu 1994-cü ildə məhz MDB Parlamentarası Assambleyasının vasitəçiliyi ilə imzalanıb.
MDB Parlamentarası Assambleyası ATƏT-in Minsk Qrupunun vasitəçi səylərini dəstəklədiyini qeyd edib.