Cənubi Qafqaz qlobal bağlantılar baxımından mühüm strateji körpü rolunu oynaya bilər.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada bildirib.
Elçin Əmirbəyovun fikrincə, keçmiş münaqişələr səbəbindən Cənubi Qafqaz uzun müddət beynəlxalq diqqətdən kənarda qalıb, lakin hazırda regiona yenidən strateji rol qazandırmaq üçün unikal imkan yaranıb.
Belə ki, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi və beynəlxalq aktorların proseslərə cəlb olunması regionun dayanıqlılığına mühüm töhfə verə bilər.
O deyib ki, tərəfdaşlarla müzakirə olunan təşəbbüs və ideyaların real nəticəyə çevrilməsi uğur üçün əsas şərtdir.
Elçin Əmirbəyovun sözlərinə görə, regional bağlantılara investisiya yalnız infrastruktur layihələrinə deyil, həm də sülhə, uzunmüddətli sabitliyə və dayanıqlılığın gücləndirilməsinə yönəlmiş sərmayədir.
O vurğulayıb ki, bu sahədə əsas risklərdən biri geosiyasi rəqabət və məsələlərin fərqli aktorlar tərəfindən müxtəlif cür qavranılmasıdır: “Buna görə də Azərbaycan çalışır ki, heç bir layihə hər hansı tərəfin maraqlarına qarşı yönəlmiş kimi qəbul olunmasın. Bizim yanaşmamız “qazan-qazan” prinsipinə əsaslanır. Bu prosesdə birbaşa iştirak etməyən tərəflər üçün də potensial faydalar mövcuddur və ümid edirik ki, gələcəkdə daha çox tərəfdaş bu təşəbbüslərə qoşulacaq”.
Elçin Əmirbəyov nəticələrin zamanla daha aydın görünəcəyini diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi infrastruktur layihələri əsasən daxili resurslar və strateji tərəfdaşlarla əməkdaşlıq nəticəsində reallaşıb.