Azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri hökumətimiz qarşısında duran nəhəng bir missiyadır.
Lent.az xəbər verir ki, bunu “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, çox böyük ərazi mina ilə çirkləndirilib: “Şəhərlər dağıdılıb, lakin indi həmin torpaqlarda yeni həyat canlanır, yeni şəhərlər qurulur. Tarix kitablarında uşaqlıqdan oxuyurduq ki, şəhərlər işğallar, müharibələr və münaqişələr nəticəsində məhv olub. Təəssüf ki, XXI əsrdə bunu artıq öz gözlərimizlə, ekranlar vasitəsilə canlı şəkildə görürük. Şəhərlər yox olur, böyük dağıntılara məruz qalır. Azərbaycan nümunəsində də biz məqsədli dağıntılar nəticəsində doqquz şəhərimizi itirdik. Şəhərlərimiz tamamilə yerlə-yeksan edildi. Prezidentimizin dünən də dediyi kimi, Ağdam “Qafqazın Xirosiması” adlandırılır. Bu, nüvə silahına görə deyil, insan əli ilə həyata keçirilmiş dağıntılara görədir. Bir vaxtlar 100 min insanın yaşadığı şəhər daş-daş sökülərək tamamilə məhv edilmişdi. Lakin məmnunluqla deyə bilərəm ki, bunlar artıq keçmişdə qalıb. Biz gələcəyə baxırıq. Münaqişədən sonrakı dövrdə yeni ambisiyalarla yeni şəhərlər və vətəndaşlarımız, o cümlədən öz doğma torpaqlarına ləyaqət və təhlükəsizlik şəraitində qayıdan keçmiş məcburi köçkünlər üçün yeni həyat qururuq. Bütün bu amilləri nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək və belə müzakirələrin aparılması üçün düzgün və uyğun məkandır. Biz öz təcrübəmizi bölüşməyə hazırıq və eyni zamanda tərəfdaşlarımızdan, dünyanın müxtəlif bölgələrindən gələn vətəndaş cəmiyyəti institutlarından öyrənməyə də açığıq”.